Maliyyə Nazirliyində kollegiya iclası keçirilib

Maliyyə Nazirliyində kollegiya iclası keçirilib
# 10 mart 2012 08:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyində 2011-ci ilin yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə, o cümlədən 2013-cü il dövlət büdcəsinin tərtibinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, kollegiya iclasını giriş sözü ilə açan maliyyə naziri Samir Şərifov bildirib ki, 2011-ci ildə ölkə iqtisadiyyatının davamlı artımı təmin edilib, əhalinin sosial rifahı xeyli yüksəlib, dövlətin iqtisadi və sosial tərəqqisinə, müdafiə potensialının və təhlükəsizliyinin gücləndirilməsinə, valyuta ehtiyatlarının artırılmasına nail olunub, mühüm əhəmiyyət kəsb edən sosial və infrastruktur layihələri reallığa çevrilərək xalqın xidmətinə verilib.

Nazir deyib ki, Azərbaycanın 2011-ci il icmal büdcəsinin gəlirləri 23,2 milyard manat və ya 116%, icmal büdcənin xərcləri isə 17,6 milyard manat və ya 94,4% icra olunub: “Dövlət büdcəsinin mədaxili 15,7 milyard manat və ya 100,9%, xərcləri isə 15,4 milyard manat və ya 96,6% təşkil edib. Əvvəlki ilə nisbətən 2011-ci ildə dövlət büdcəsindən təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə və sosial təminat, müdafiə, məhkəmə hakimiyyəti, hüquqi-mühafizə və prokurorluq orqanlarının saxlanılması, kənd təsərrüfatı, dövlət əsaslı vəsait qoyuluşu xərclərinə orta hesabla 27,8%-dək çox vəsait yönəldilib”.

S. Şərifov qeyd edib ki, 2011-ci ildə dövlət büdcəsinin icrası ilə bağlı maliyyə orqanlarının qarşısında duran vəzifələr ümumən yerinə yetirilib, bütün zəruri xərclərin maliyyələşdirilməsi təmin edilib. Son illər ərzində büdcənin proqnozlaşdırılması xeyli təkmilləşdirilib, büdcə xərclərinin səmərəli istifadəsinə nail olunub.

Nazirin sözlərinə görə, pensiya təminatı sistemində aparılan islahatlar və 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə əmək stajlarına uyğun artımın tədbiq edilməsi nəticəsində əmək pensiyası orta hesabla 40%, minimum aylıq əməkhaqqının məbləği, o cümlədən dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların aylıq vəzifə maaşları müvafiq qaydada artırılıb.

S. Şərifov bəyan edib ki, ilk dəfə olaraq 2012-ci il və sonrakı üç ili əhatə edən dövrdə dövlət büdcəsi göstəricilərinin gəlirlərinin təsnifatının və xərclərin funksional təsnifatının bölmələri səviyyəsində, həmçinin həmin dövr üçün icmal büdcənin göstəriciləri hazırlanaraq dövlət büdcəsi layihəsi ilə birlikdə Milli Məclisə təqdim edilib. Milli Məclisə təqdim edilənədək 2012-ci il dövlət büdcəsinin layihəsi, o cümlədən dövlət əsaslı vəsait qoyuluşu xərcləri və xarici kreditlər hesabına maliyyələşən layihələr barədə məlumatlar Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.
Büdcə prosesinin təkmilləşdirilməsi işinin bundan sonra da davam etdirilməsinin vacibliyini önə çəkən nazir, xüsusilə təhsil və səhiyyə sahələri üzrə maliyyələşmənin təkmilləşdirilməsinə, daha müasir maliyyələşmə prinsiplərinin tətbiqinə ehtiyac olduğunu söyləyib.
S. Şərifov bildirib ki, 2012-ci ildə Maliyyə Nazirliyinin qarşısında duran mühüm vəzifələrdən biri “Büdcə sistemi haqqında” qanuna müvafiq olaraq Azərbaycanın 2013-cü il dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkilidir.
“Ümumilikdə sosial məsələlərin həllinə, əhalinin maddi rifah halının artırılmasına, ölkəmizin müdafiə potensialının gücləndirilməsinə, onun iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyinin təmin edilməsinə, ölkə regionlarının tarazlı inkişafına, sahibkarlığa dəstək və iqtisadiyyatın digər mühüm sahələrinin inkişafına dair qəbul olunmuş məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə xüsusi diqqət yetirilməli və dövlət büdcəsindən tələb olunan məbləğdə vəsaitin ayrılması üçün təkliflər hazırlanılmalıdır”, - deyə S. Şərifov vurğulayıb.
Kollegiya iclasında Təhsil Nazirliyinin rayon və şəhər təhsil şöbələrinin nəzdində fəaliyyət göstərən məktəbdənkənar müəssisələrin fəaliyyəti üzrə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan monitorinqlərin nəticəsi, bəzi təşkilati, struktur dəyişiklikləri, o cümlədən nazirliyin aparatında və yerli maliyyə orqanlarında 2011-ci il ərzində icra intizamı, kargüzarlığın, arxiv işinin aparılması və vətəndaş müraciətlərinə baxılması və digər məsələlər müzakirə edilib.
İclasda həmçinin nazirlik aparatının aidiyyəti struktur bölmələrinə, dövlət xidmət və agentliklərinə, Naxçıvan MR-nın Maliyyə Nazirliyinə, yerli maliyyə orqanları tərəfindən 2013-ci il dövlət və icmal büdcənin layihəsi və sonrakı üç üçün icmal büdcənin göstəricilərinin tərtibi işlərinin sürətləndirməsi, nazirliyin əmrlərində, göndəriləcək təlimat məktubunda nəzərdə tutulan tapşırıqların vaxtında və kefiyyətlə icra olunması ilə bağlı müvafiq tapşırıqlar verilib. Çıxışlarda bəzi rayon, şəhər maliyyə orqanları tərəfindən dövlət büdcəsinin yerli gəlir və xərclərinin tərtibi və icrası prosesində, kargüzarlıq və xəzinə əməliyyatlarının aparılmasında, hesabat və məlumatların vaxtında və kefiyyətlə nazirliyə təqdim olunmasında bir sıra nöqsanlara yol verildiyi qeyd olunub. Bəzi rayon, şəhər maliyyə orqanlarının rəhbərlərinə işlərində dönüş yaradılması üçün müvafiq tapşırıqlar verilib.
Kollegiya iclasının yekununda müzakirə edilən məsələlərə dair müvafiq qərarlar qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR