Azərbaycanda qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarına görə 830 min manat rüsum ödənilib

Azərbaycanda qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarına görə 830 min manat rüsum ödənilib
# 05 iyun 2012 12:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən 2012-ci ilin aprel və may ayları ərzində 14 sahibkarlıq subyektində dövlət əyar nəzarəti həyata keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, həyata keçirilən əyar nəzarəti tədbirləri zamanı qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış və qanunvericiliyə zidd olaraq dövlət əyar damğası ilə damğalanmayan 9996 ədəd zərgərlik məmulatları aşkar edilib.

Bir çox hallarda həmin məmulatların üzərində mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri müəyyən olunub. Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən həkk olunmuş mənşəyi məlum olmayan ad və əyar damğalarının izləri məmulatlar üzərindən təmizlənib, məmulatlar əyarlarına uyğun dövlət əyar damğası ilə damğalanıb.

Keçirilən yoxlamalar nəticəsində dövlət büdcəsinə müvafiq olaraq 82 234 manat məbləğində dövlət rüsumunun ödənilməsi təmin edilib və İnzibati Xətalar Məcəlləsinə əsasən 11 200 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Əyar nəzarəti tədbirləri zamanı Sumqayıt şəhəri, 32-ci məhəllə ünvanında yerləşən “Sumqayıt” Ticarət Mərkəzində fəaliyyət göstərən iki sahibkara, Kürdəmir şəhərində fəaliyyət göstərən iki sahibkara və İmişli şəhərində fəaliyyət göstərən bir sahibkara məxsus obyektlərdə aparılan yoxlamalar zamanı dövlət əyar damğası ilə damğalanmayan, standartlara cavab verməyən, üzərində göstərilmiş əyarlara uyğun gəlməyən məmulatların istehlakçılara təklif edilməsi faktlarına daha çox rast gəlinib.

Ümumilikdə 2012-ci ilin 5 ayı ərzində Xidmətə ekspertiza, analiz, əyarlanmaq və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarına görə 829 111,4 manat dövlət rüsumunun büdcəyə ödənilməsi təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR