Asiya İnkişaf Bankı Azərbaycana yeni kredit ayırıb

Asiya İnkişaf Bankı Azərbaycana yeni kredit ayırıb
# 06 iyun 2012 09:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) və Azərbaycan hökuməti arasında “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” üçün nəzərdə tutulmuş 600 mln. dolları məbləğində Çoxtranşlı Maliyyə Mexanizmi (ÇMM) çərçivəsində 300 mln. ABŞ dolları dəyərində ikinci tranş kredit sazişi imzalanıb. AİB-in Azərbaycandakı nümayəndəliyindən “APA-Economics”ə verilən məlumata görə, imzalama mərasimi ÇMM layihəsinin ikinci ən böyük şəhəri olan Naxçıvanda baş tutub.

İkinci tranş layihəsi çərçivəsində Ağdaş, Beyləqan, Göyçay və Naxçıvan şəhərlərində su və kanalizasiya sisteminin yenidən qurulması və sistemə nəzarət edən idarələrin planlaşdırılması, texniki və maliyyə idarəçiliyi məsələlərinin də genişləndirilməsi nəzərdə tutulur. Sistemin səmərəli və maliyyə cəhətdən uzunmüddətli istismarını təmin etmək üçün imkanların gücləndirilməsi işləri də maliyyələşdiriləcək.

AİB-in krediti 4 illik güzəşt müddəti ilə 24 il müddətinə LİBOR əsaslı borcalma mexanizminə uyğun olan faiz dərəcəsi ilə verilir. Azərbaycan hökuməti 110 mln. dolları məbləğində iştirak payını təmin edəcək. Naxçıvan Muxtar Respublikasının Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi Naxçıvan şəhərində görüləcək işləri icra edəcək, “Azərsu” ASC isə digər şəhərlərdə görüləcək işləri yerinə yetirəcək.

İnvestisiya Proqramı nəticəsində Ağdaş, Ağcabədi, Balakən, Beyləqan, Göyçay və Naxçıvan şəhərlərində 500 min nəfər əhali üçün yüksək keyfiyyətli və davamlı su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi təmin ediləcək. Bu yeni kredit Azərbaycan şəhərlərində su təchizatı və kanalizasiya sisteminin bərpa edilməsi üçün AİB-in direktorlar şurası tərəfindən 2009-cu ildə təsdiq edilmiş ÇMM-in tərkib hissəsidir. Qeyd edək ki, 75 mln. dolları məbləğində birinci kredit 2009-cu ildə təsdiq edilib, 2004-cü ildə AİB sector üzrə 30 mln ABŞ dolları məbləğində kredit təsdiq edib.

AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Noroyononun sözlərinə görə, bu kredit AİB-in Azərbaycan üçün təsdiq etdiyi ən böyük məbləğdə olan kredit layihəsidir və uğurlu əməkdaşlıq istiqamətində yeni bir səhifə açır. “Həmçinin ilk dəfədir ki, kredit sazişinin imzalanması layihə icra edilən şəhərdə təşkil edilir və Azərbaycanda regional şəhərlərin sosial və iqtisadi inkişafında yaxından iştirak etməkdən şərəf duyuruq. İnvestisiya Proqramının ikinci layihəsində dörd şəhərdə, o cümlədən Naxçıvan şəhərində olan infrastruktur bərpa ediləcək və institusional imkanların gücləndirilməsi üçün qeyri infrastruktur komponenti də maliyyələşdiriləcəkdir. Ümumiyyətlə, layihə şəhərlərində qısa zaman ərzində əhalinin investisiya layihəsinin birbaşa nəticəsi olan davamlı və yüksək keyfiyyətli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etməsinin şahidi olacağıq”, - deyə O.Noroyono bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR