«Azərsığorta» şirkətinin daxilolmaları azalıb

«Azərsığorta» şirkətinin daxilolmaları azalıb
# 12 iyun 2012 13:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkətinin bu ilin yanvar-may aylarında topladığı sığorta haqlarının həcmi 10,513 mln. manat olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,7% azdır.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta ödənişləri 7,5% azalaraq 3,786 mln. manata çatıb.

Bu müddət ərzində ən çox sığorta haqqı «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (1,885 mln. manat), «Daşınmaz əmlakın icbari sığortası» (716,099 min manat), «Fərdi qəza sığortası» (590,064 min manat), «Avtomobillərin KASKO sığortası» (248,819 min manat), «Müəssisə və əmlakın sığortası» (198,052 min manat) və «Fiziki şəxslərin girov qoyduğu əmlakın sığortası» (119 min manat) növləri üzrə toplanılıb. Bu növlərin ümumi daxilolmalarda payı isə müvafiq olaraq 17,9%, 6,8%, 5,6%, 2,4%, 1,88% və 1,13% təşkil edib.

Qeyd olunan dövr ərzində şirkət tərəfindən «Avtomobillərin KASKO sığortası» üzrə 282,196 min manat, «Fərdi qəza sığortası» üzrə 121 min manat, «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə 89,160 min manat və «Daşınmaz əmlakın icbari sığortası» növü üzrə 18,997 min manat həcmində sığorta ödənişi aparılıb.

Bu ilin yanvar-may aylarında şirkətin könüllü sığorta növləri üzrə daxilolmaları 4,229 mln. manat, icbari sığorta növləri üzrə isə 4,3 mln. manat olub.

Xatırladaq ki, «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti 1991-ci ildən fəaliyyət göstərir. Hazırda şirkət 10 icbari və 20 könüllü sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR