«Başak İnam» şirkəti yaxın iki ayda sığorta şəhadətnamələrinin on-layn satışına başlayacaq

«Başak İnam» şirkəti yaxın iki ayda sığorta şəhadətnamələrinin on-layn satışına başlayacaq
# 13 iyun 2012 08:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Başak İnam» sığorta şirkəti bu ilin sonuna kimi avtomatlaşdırma sistemi üzrə yeni proqram təminatının tətbiqini başa çatdırmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədrinin köməkçisi Hikmət Allahverdi bildirib.
H.Allahverdinin sözlərinə görə, sistemin tətbiqi başa çatdıqdan sonra şirkət sığorta müqavilələrini on-line rejimdə satacaq: «Burada sığorta şəhadətnamələri şirkətin mütəxəssisləri tərəfindən deyil, birbaşa sayt üzərindən on-line olaraq yeni proqram təminatı vasitəsilə hazırlanacaq. Proqramda tarix, sığorta tarifi və sığorta riskləri avtomatik olaraq hesablanacaq. Eyni zamanda proqramın köməyi ilə müştəri sığorta haqqını da ödəyə biləcək».
H.Allahverdi bildirib ki, müştərilərin on-line qeydiyyatı, sığorta şəhadətnamələrinin on-line yazılması modulunun hazırlanması yaxın iki ay ərzində yekunlaşacaq: «Daha sonra sistemin mühasibatlıq modulu istifadəyə veriləcək. Ümumiyyətlə, ilin sonunadək sistem üzrə bütün modulların hazırlanması tamamlanacaq».
H.Allahverdi qeyd edib ki, sığorta şirkətinin həcmindən asılı olaraq bu proqram təminatının Türkiyədə qiyməti 1 mln. dollar təşkil edir. Lakin bu proqramın tətbiqi «Başak İnam» sığorta şirkətinin türkiyəli ortağı «Groupama Sigorta A.Ş» şirkəti hesabına 200 min manata başa gələcək.
Qeyd edək ki, səhmdarları Fransanın «Groupama» (49%), «Turanbank» ASC (15%), «Azər-Türk Bank» (10%), «Aqrarkredit» bank olmayan kredit təşkilatı (1,2%) və fiziki şəxslər (24,8%) olan «Başak İnam» sığorta şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Cari ilin iyunun 1-nə şirkətin nizamnamə kapitalı 6 mln. manat təşkil edib. Şirkət müştərilərə 27 könüllü sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR