Bölgələrdə vergi ödəyicilərinə yeni xidmət mərkəzləri istifadəyə verilib

Bölgələrdə vergi ödəyicilərinə yeni xidmət mərkəzləri istifadəyə verilib
# 13 iyun 2012 10:03 (UTC +04:00)
Bakı - APA-Economics. Tərtər və Bərdə şəhərlərində Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin, ərazi vergilər idarələrinin, sahibkarların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə daha iki vergi ödəyicilərinə xidmət mərkəzinin açılışı olub, vergi ödəyiciləri ilə görüşlər keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, vergilər nazirinin müşaviri Ələkbər Məmmədov tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, vergilərin könüllü ödənilməsi sisteminin və sahibkarlığın inkişafı məqsədilə Vergilər Nazirliyi tərəfindən regionlarda, xüsusilə vergi orqanı olmayan iri şəhər və rayonlarda vergi ödəyicilərinə xidmət mərkəzləri yaradılır.

Onun sözlərinə görə, hazırda respublikada müasir standartlara cavab verən 34 belə xidmət mərkəzi uğurla fəaliyyət göstərir və cari ildə daha 6 mərkəzin istifadəyə verilməsi nəzərdə tutulur. Xidmət mərkəzlərində vətəndaşlara vergi qanunvericiliyinin tətbiqi barədə izahatlar verilir, vergi bəyannamələrinin elektron formatda düzgün tərtib edilməsi və göndərilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılması ilə bağlı xidmətlər göstərilir. Burada həmçinin sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyən şəxslər üçün təlimlər də keçirilir.

Vergi ödəyicilərinə xidmət idarəsinin rəis müavini Elçin Məmmədov 2011-2015-ci illəri əhatə edən “Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası”nın yerinə yetirilmə vəziyyəti, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə görüş iştirakçılarına məlumat verib. Bildirilib ki, hazırda bəyannamələrin əvvəlcədən doldurulması sisteminin, universal telefon məlumat xidmətinin və vergi ödəyicilərindən daxil olmuş standart SMS-lərin avtomatik olaraq SMS vasitəsilə cavablandırılması mexanizminin yaradılması, həmçinin vergi bəyannamələrinin real vaxt rejimində (onlayn) göndərilməsi mexanizmlərinin təkmilləşdirilməsi üzərində iş gedir.

Görüşlərdə yerli vergi ödəyicilərini və sahibkarların ictimai təşkilatlarının nümayəndələrini maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR