Dövlət Xəzinədarlığı Agentliyinin iki idarəsinin yeni inzibati binaları istifadəyə verilib - FOTO

Dövlət Xəzinədarlığı Agentliyinin iki idarəsinin yeni inzibati binaları istifadəyə verilib - <font color=red>FOTO</font>
# 14 iyun 2012 15:48 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 10 saylı Xəzinədarlıq İdarəsinin inzibati binasının açılış mərasimi keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, mərasimdə iştirak edən maliyyə naziri Samir Şərifov açılış lentini kəsərək inzibati binada yaradılmış iş şəraiti ilə tanış olub.

Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi-2 ünvanında yerləşən yeni inzibati bina müasir standartlara uyğun inşa edilmiş və burada normal iş fəaliyyəti üçün hər cür şərait yaradılıb. Ümumi sahəsi 576 kv. metr olan binada bütün otaqlar kompyuter və ən müasir zəruri avadanlıqlarla təmin edilib ki, bu da büdcə təşkilatlarına göstərilən xəzinə xidmətinin keyfiyyətini və çevikliyini artırır. İdarə paytaxtın bu hissəsində 60-dan çox büdcə təşkilatına xidmət göstərir.

Açılış mərasimində çıxış edən maliyyə naziri S.Şərifov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan inkişaf edir və qüdrətlənir. Ölkə miqyasında həyata keçirilən tikinti-quruculuq işləri bütün sahələri əhatə edir. Nazir qeyd edib ki, son illərdə Maliyyə Nazirliyi əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması, eyni zamanda, nazirliyin tabeliyində olan qurumların müstəqil inzibati binalarla təmin olunması istiqamətində ciddi işlər görülür.

Nazir Samir Şərifovun və Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun iştirakı ilə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 5 saylı Xəzinədarlıq İdarəsinin də yeni inzibati binası istifadəyə verilib. Mərasim iştirakçıları inzibati bina və burada yaradılmış iş şəraiti ilə tanış olublar.

Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi 20-də yerləşən, ümumi sahəsi 580 kv. metr olan bu inzibati bina da ən müasir üslubda inşa edilmiş və lazımi avadanlıqlarla təmin edilib. Qeyd olunub ki, 5 saylı Xəzinədarlıq İdarəsi hazırda 60-a yaxın büdcə təşkilatına xidmət göstərir. Kollektivi yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik edən S.Şərifov əmin olduğunu bildirib ki, öz növbəsində idarə əməkdaşları qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcəklər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR