Azərbaycanın xarici neft-qaz sektoruna birbaşa investisiyaları 24% artıb

Azərbaycanın xarici neft-qaz sektoruna birbaşa investisiyaları 24% artıb
# 19 iyun 2012 12:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın tədiyyə balansında əks olunan birbaşa investisiyalar üzrə saldosu 2012-ci ilin I rübü ərzində müsbət 208,8 mln. dollar təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, xaricdən cəlb edilmiş birbaşa investisiyaların həcmi 1 161,0 mln. dollar, xaricə yönəldilən investisiyalar isə 952,2 mln. dollara bərabərdir.

Eyni zamanda neft-qaz sektoru üzrə birbaşa investisiyalarda da müsbət saldo yaranıb. Belə ki, 2012-ci ilin I rübü ərzində Azərbaycanın neft-qaz sektoruna cəlb edilən birbaşa investisiyaların həcmi 967,5 mln. dollar, Azərbaycanın xarici ölkələrin neft-qaz sektorlarına yönəldilən birbaşa investisiyalarının həcmi isə 902,6 mlrd. dollar təşkil edib. Nəticədə 64,9 mln. dollar miqdarında müsbət saldo yaranıb.

Qeyd edək ki, ötən ilin I rübünün yekunlarına nisbətən Azərbaycanın neft-qaz sektoruna cəlb edilən birbaşa investisiyaların həcmi 40%, Azərbaycanın xarici ölkələrin neft-qaz sektorlarına yönəldilən birbaşa investisiyalarının həcmi 23,9% artıb. Ötən ilin I rübü üzrə neft-qaz sektoru üzrə 32,4 mln. manat həcmində mənfi saldo müşahidə olunub.

Azərbaycanın xarici neft-qaz sektoruna birbaşa investisiyalarının yüksək olması ARDNŞ-ın Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə yanacaq-energetika və neft-kimya sahələrində iştirakının nəticəsidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR