Gələn il Dünya Bankı Azərbaycanda 3 yeni layihənin icrasına başlayacaq

Gələn il Dünya Bankı Azərbaycanda 3 yeni layihənin icrasına başlayacaq
# 19 iyun 2012 13:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il ərzində Dünya Bankı (DB) Azərbaycanda 3 yeni layihə həyata keçirəcək. «APA-Economics»in məlumatına görə, bunu DB-nin Cənubi Qafqaz üzrə yeni təyin olunmuş regional direktoru Henri Kerali bildirib.

Onun sözlərinə görə, bunlardan biri «Azərbaycanda kənd təsərrüfatı investisiyaları layihəsi»nin ikinci mərhələsinin (AzRİP-II) maliyyələşdirilməsidir ki, artıq yaxın vaxtlarda bu layihənin icrasına DB-nin Direktorlar Şurası tərəfindən 30 mln. ABŞ dollarının ayrılması təsdiqlənəcək: «Layihə çərçivəsində kənd yerlərində vacib infrastrukturun qurulması nəzərdə tutulur. Digər layihə də kənd təsərrüfatı sahəsinə aiddir ki, bu, “Kənd Təsərrüfatının İnkişafı Layihəsi”dir. Bu layihə kənd təsərrüfatı məhsullarının istehsalçılarının maliyyələşdirməsinə yardım edəcək».

H.Kerali onu da bildirib ki, üçüncü layihə Azərbaycanın səhiyyə sahəsinə aiddir: «Biz səhiyyə sahəsinin inkişafına əlavə vəsait ayıracağıq ki, bu vəsait hesabına tibb işçiləri üçün təlimlər və sertifikatlaşdırma proqramı keçiriləcək».

Son iki layihəyə DB tərəfindən nə qədər vəsaitin ayrılması hələ müəyyənləşmədiyini bildirən H.Kerali onu da qeyd edib ki, əsas məqsəd artıq sahələrdə mövcud olan boşluqların doldurulması və problemlərin aradan qaldırılmasıdır: «Bu layihələr Azərbaycan miqyası üçün kiçikdir. Lakin əsas məqsəd beynəlxalq təcrübədən istifadə və sahələrin inkişaf etdirilməsidir».

Yeni regional direktor həmçinin bildirib ki, DB Azərbaycanda icra etdiyi cari layihələrə də diqqət yetirəcək. Bura magistral yollarının tikintisi, dəmir yolunun inkişafı və s. daxildir.

Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank 43 layihənin icrasına Azərbaycana 2,969 mlrd. ABŞ dolları məbləğində maliyyə yardımı göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR