Vergilər Nazirliyi nağdsız ödənişlərin artırılması mövzusunda seminar keçirir

Vergilər Nazirliyi nağdsız ödənişlərin artırılması mövzusunda seminar keçirir
# 20 iyun 2012 14:06 (UTC +04:00)
Şamaxı. Elvin Yaqubov - APA. Vergilər Nazirliyinin Şamaxı rayonundakı Tədris Mərkəzində KİV əməkdaşları üçün «Nağdsız ödənişlərin həcminin artırılması və POS-terminallardan istifadənin genişləndirilməsi» mövzusunda ikigünlük seminar işə başlayıb.
APA-nın məlumatına görə, tədbirdə Nazirliyin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev «Azərbaycan Respublikasında dövriyyədə olan nağd pul kütləsinin məhdudlaşdırılmasını zəruri edən amillər», İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin şöbə müdiri İlqar Xəlilov «Vergi və rüsumların nağdsız qaydada ödənişi», Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar Departamentinin direktor müavini Vahid Qurbanlı «Hökumət və ödənişlər portalı: görülmüş işlər və perspektivlər», «MilliKart» MMC-nin əməliyyat şöbəsinin rəisi İlqar İbrahimov «Nağdsız ödənişlərin həcminin artırılmasında prosessinq mərkəzlərinin rolu», Amerika-Azərbaycan Ticarət Palatasının (Amcham) siyasət və hüquq məsələləri üzrə koordinatoru Şahid Şükürov «Nağdsız hesablaşmaların stimullaşdırılması işində biznes ictimaiyyətinin mövqeyi» və s. mövzularda məruzələr ediblər.
Çıxışlarda qeyd edilib ki, son vaxtlar ölkədə nağdsız ödənişlərin həcminin artırılması və POS-terminallardan istifadənin genişləndirilməsi ilə bağlı intensiv işlər görülür. Bu günədək ölkədə 33 mindən artıq POS-terminal quraşdırılıb ki, onların da hamısı aktivdir. İqtisadiyyat inkişaf etdikcə ölkədə sahibkarlıq subyektləri artır və buna paralel olaraq ölkədə nağdsız ödənişlərin həyata keçirilməsi yüksəlir. Ümumilikdə, ölkədə ÜDM 7 dəfə, büdcə gəlirləri 12,8, vergi daxilolmaları 6,6, əhalinin pul gəlirləri 5,9 dəfə artıb. Ölkədə dövriyyədə olan pul kütləsi 15 mlrd. manat, nağd pul kütləsi isə 7 mlrd. manat təşkil edir. Tədbirdə bildirilib ki, nağdsız ödənişlər ölkədə iqtisadi təhlükəsizliyə təminat verir, belə ki, nağdsız ödənişlərin artması inflyasiyanın qarşısını alır. Məlumat verilib ki, bu gün ölkədə 44 bank və onların 826 şöbəsi, eləcə də «Azərpoçt»un 1600-ə yaxın şöbəsi fəaliyyət göstərir. Quraşdırılan POS-terminallar vasitəsilə əhali kifayət qədər nağdsız ödənişlər apara bilər. Qeyd olunub ki, nağdsız ödənişlərdən istifadə edənlərin sayının daha da artacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR