Azərbaycan sığorta bazarı son bir ildə 70% artıb

Azərbaycan sığorta bazarı son bir ildə 70% artıb
# 22 iyun 2012 13:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin yanvar-may aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 144,703 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 67% çoxdur.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə həyat sığortası üzrə daxilolmaların həcmi 4,8 dəfə artaraq 6,504 mln. manat, qeyri-həyat sığortası üzrə daxilolmalar 47% artaraq 85,234 mln. manat, icbari sığorta növləri üzrə isə 97% artaraq 52,966 mln. manat olub.

Bundan başqa, daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (37,770 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (29,001 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (21,414 mln. manat), «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta» (14,125 mln. manat) və «Əmlakın yanğından və digər risklərdən sığortası» (11,437 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 26%, 20%, 14,7%, 9,8% və 7,9% təşkil edib.

Ödənişlərə gəldikdə isə, hesabat dövründə sığorta hadisələri üzrə ödənilən vəsaitin ümumi həcmi 48,4% artaraq 32,945 mln. manata çatıb. Bu dövrdə həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi 3 dəfə artaraq 234,600 min manata, qeyri-həyat sığortası üzrə ayrılan vəsait 56% artaraq 28,737 mln. manat, icbari sığorta növləri üzrə isə 8,8% artaraq 3,973 mln. manata çatıb.

Ödənişlərdə ən çox vəsait «Tibbi sığorta» (15,337 mln. manat və ya 47%), «Avtonəqliyyat vasitələrinin sığortası» (8,668 mln. manat və ya 26%) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (2,510 mln. manat) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR