Azərbaycanda bank kassa dövriyyəsi 35% artıb

Azərbaycanda bank kassa dövriyyəsi 35% artıb
# 25 iyun 2012 12:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2012-ci ilin yanvar-aprel aylarında 9,304 mlrd. manat, məxaric hissəsi isə 9,434 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxil hissəsi 2011-ci ilin yanvar-aprel aylarına nisbətən 33,5%, məxaric hissəsi isə 35,7% artıb.

Beləliklə, yanvar-aprel aylarının nəticələrinə görə bank kassa dövriyyəsində 130 mln. manat həcmində mənfi saldo yaranıb və dövr ərzində 52,3 mln. manatlıq pul emissiyası həyata keçirilib. Bu göstərici 2011-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2,2 dəfə çoxdur.

Bank kassa dövriyyəsində mədaxilin əsas hissəsi bankların hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmaların payına düşüb. Belə ki, bu mənbədən bank kassalarına 5,747 mlrd. manat və ya ümumi mədaxilin 61,8%-i daxil olub. Digər iri mənbələr sırasında 1,898 mlrd. manat həcmində və ya xüsusi çəkisi 20,4% olan hüquqi şəxslərdən daxilolmaları, 936,1 mln. manat həcmində və ya xüsusi çəkisi 10,1% olan fiziki şəxslərdən daxilolmaları qeyd etmək olar.

Bank kassa dövriyyəsinin məxaric hissəsində hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlərin payına 3,482 mlrd. manat və ya 36,9%, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər üzrə ödənişlərin payına 2,866 mlrd. manat və ya 30,4%, bankomatlara pul qoyuluşunun payına 2,717 mlrd. manat və ya 28,8% düşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR