“Azərbaycan: 2020 - Gələcəyə baxış Konsepsiyasında vergi siyasətinin rolu” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycan: 2020 - Gələcəyə baxış Konsepsiyasında vergi siyasətinin rolu” mövzusunda dəyirmi masa keçirilib
# 28 iyun 2012 15:05 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində mərkəzin 10 illiyinə həsr olunmuş “Azərbaycan: 2020 - Gələcəyə baxış Konsepsiyasında vergi siyasətinin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Nazirliyin Analitik informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Nazirlər Kabinetinin, İqtisadi İnkişaf, Vergilər və Təhsil nazirliklərinin rəhbər vəzifəli şəxsləri, respublikada fəaliyyət göstərən ali məktəblərin professor-müəllim heyətinin, biznes strukturlarının, ictimai təşkilatların, qeyri-hökumət təşkilatlarının və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan vergilər nazirinin müşaviri Ələkbər Məmmədov qonaqları salamlayaraq, nazirliyin insan resurslarının inkişafı strategiyasının həyata keçirilməsində mühüm rol oynayan Tədris Mərkəzinin yaradılmasının 10 ilik yubileyi ərəfəsində əhəmiyyətli bir sənədin - “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının dəyirmi masa ətrafında müzakirəsinin aktuallığını diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir dövrdə əsas hədəf çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, eyni zamanda elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.

Sonra Tədris Mərkəzinin 10 illiyinə həsr olunmuş film nümayiş etdirilib, qonaqlar bu təhsil ocağının fəaliyyətindən bəhs edən kadrlarla tanış olublar.

Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü, professor Akif Musayev “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında vergi siyasətinin rolu” mövzusunda geniş təqdimatla çıxış edib, əsas hədəflərdən, bu hədəflərə çatmaq üçün yeridilən vergi siyasətindən, onun həyata keçirilməsi metodları barədə dəyirmi masa iştirakçılarına məlumat verib.

Sonra Ə.Məmmədov “Vergi sistemində insan resurslarının inkişafında təlim və tədrisin yeri” mövzusunda təqdimatla çıxış edib. Qeyd olunub ki, vergi siyasətinin başlıca prinsipi olan vergilərin məcburi yığılmasından könüllü ödənilməsi sisteminə keçid zamanı əsas vəzifələrin icrası üçün məhz insan resurslarının inkişafı önəmlidir. Bu, 2004-cü ildə Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş “İnsan resurslarının inkişafı strategiyası” Konsepsiyası ilə tənzimlənir. Azərbaycan prezidentinin 2001-ci il 19 iyul tarixli fərmanına əsasən Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli qərarı ilə yaradılmış Vergilər Nazirliyinin Tədris Mərkəzinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verən Ə.Məmmədov vergilər sahəsində təlim və tədrisin formaları və texniki üsulları, ixtisasartırma kursları, Tədris Mərkəzinin fəaliyyətinin nəticələrindən danışıb. Təqdimatda Vergilər Nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərinə də toxunulmuş, Vergi Administrasiyalarının Avropadaxili Təşkilatı (IOTA), Beynəlxalq Antikorrupsiya Akademiyası (İACA), Beynəlxalq Vergi və İnvestisiya Mərkəzi (İTİC), İrlandiyanın Vergi İnstitutu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avstriyanın Vergi Akademiyası ilə Tədris mərkəz arasında qurulmuş ikitərəfli əlaqələrin əsas istiqamətləri dəyirmi masa iştirakçılarının diqqətinə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR