Avrozonadakı borc böhranı Avropanın inkişafda olan ölkələrinin reytinqlərinə təsir edir

Avrozonadakı borc böhranı Avropanın inkişafda olan ölkələrinin reytinqlərinə təsir edir
# 30 iyun 2012 08:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avrozonada baş verən borc böhranı Avropanın inkişaf etməkdə olan ölkələrinin reytinqləri üzrə proqnozlara endirici təsir göstərir və ümumiyyətlə, reytinqlərinə mənfi təsir göstərə bilər. “APA-Economics”in məlumatına görə, bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin icmalında deyilir.

İcmala əsasən, Avropanın inkişaf etməkdə olan ölkələri iqtisadi artımının ciddi azalması ilə üzləşə bilər ki, bu da ilk növbədə Mərkəzi və Şərqi Avropa (MŞA) ölkələrinə aiddir. MDB və Baltikyanı ölkələrində isə nisbətən davamlı artım müşahidə olunur və proqnozlaşdırılır.

Avrozonada baş verən neqativ amillər MŞA-nın inkişaf etməkdə olan ölkələrinə ilk növbədə ticarət kanalları ilə təsir edir, çünki bu ölkələrin ixracatının əsas hissəsi avrozonaya istiqamətlənir. MDB ölkələrinə mənfi təsir əsasən neftin və digər xammalların ucuzlaşması ilə bağlıdır. “Fitch” qeyd edir ki, neftin ucuzlaşması davam edəcəyi halda, MDB-nin neft ixrac edən ölkələri üçün böyük risklər yaranacaq. Digər MDB ölkələri, o cümlədən Ermənistan və Baltikyanı ölkələr üçün agentlik Rusiyadan pulköçürmələrin azalacağını proqnozlaşdırır.

Bundan əlavə, “Fitch” bildirir ki, bir sıra ölkələrin banklarında avrozona banklarının payları böyükdür, bu isə öz növbəsində həmin ölkələrinin maliyyə bazarları üçün ciddi təhlükələr daşıyır. Lakin bu, əsasən MŞA ölkələrinə aiddir, çünki həmin ölkələrin banklarında avrozona banklarının, o cümlədən Yunanıstan banklarının payları var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR