ABŞ-da ilin əvvəlindən üç bank iflasa uğrayıb

ABŞ-da ilin əvvəlindən üç bank iflasa uğrayıb
# 30 oktyabr 2019 12:44 (UTC +04:00)

Bu ilin əvvəlindən ABŞ-da üç bank iflas olub – “Louisa Community Bank”, “Resolute Bank” və “The Enloe State Bank”.

APA-Economics”in ABŞ-ın Əmanətlərin Sığortalanması Korporasiyasına (FDIC) istinadən verdiyi məlumata görə, ABŞ-ın Kentukki ştatının rəhbərliyi “Louisa Community Bank”ın fəaliyyətini dayandırıb. Bu bankdakı əmanətlər “Kentucky Farmers Bank Corp.”a köçürüləcək. Bununla da iflas olan bankın əmanətçiləri avtomatik olaraq ““Kentucky Farmers Bank”ın əmanətçilərinə çevrilib, korporasiya isə onların hesablarında olan pulları sığortalamağa davam edəcək.

Bu ilin 30 iyun tarixinə “Louisa Community Bank”ın aktivləri 29,7 mln. dollar, əmanətləri isə 26,5 mln. dollar təşkil edib. Bankın iflası ilə əlaqədar FDIC-nin xərcləri 4,5 mln. dollar olacaq.

Bundan başqa, Ohayo ştatının rəhbərliyi aktivləri və depozitləri “Buckeye State Bank”a köçürülmüş “Resolute Bank”ın fəaliyyətini dayandırıb. Bankın aktivlərinin həcmi 27,1 mln. dollar, əmanətləri isə 26,2 mln. dollar təşkil edib. Bankın ləğvi ilə əlaqədar FDIC-nin xərcləri 2,2 mln. dollar olacaq.

Qeyd edək ki, FDIC 250 min dollaradək əmanətləri sığortalayır. İlin birinci yarısının sonuna sığorta sistemində ABŞ-ın 5 303 bankı və əmanət müəssisəsi iştirak edib.

Bununla yanaşı, Texas ştatının rəhbərliyi “The Enloe State Bank”ın fəaliyyətini dayandırıb. Bu, 2019-cu ildə ABŞ-da qeydə alınmış ilk bankın bağlanması olub. Bu bankın aktivləri və depozitləri “Legend Bank”a köçürülüb. Martın 31-nə “The Enloe State Bank”ın aktivləri 36,7 mln. dollar, əmanətləri isə 31,3 mln. dolları təşkil edib. Sözügedən bankın bağlanması ilə əlaqədar FDIC-in xərcləri 27 mln. dollar təşkil edəcək.

Qeyd edək ki, ötən il ABŞ-da maliyyə qurumlarının iflasına dair heç bir hal qeydə alınmayıb. Bununla bağlı ən yüksək göstərici 2010-cu ildə qeydə alınıb. Belə ki, həmin il ABŞ-da 157 maliyyə institutu bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR