AMB maliyyə sektorunun inkişafının prioritet istiqamətlərini açıqlayıb

AMB maliyyə sektorunun inkişafının prioritet istiqamətlərini açıqlayıb
# 30 dekabr 2021 09:38 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ildə maliyyə sabitliyinin təmn olunması istiqamətində əsas siyasət və islahatlar istiqaməti ilk növbədə bank sektorunun prudensial tənzimlənmə və nəzarət çərçivəsinin beynəlxalq standartlara (Bazel II, Bazel III) uyğunlaşdırılması prosesinin davam etdirilməsi olacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə AMB-nin 2022-ci il üçub pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə həsr olunmuş bəyanatında deyilir. Banklarda idarəetmənin gücləndirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, o cümlədən korporativ idarəetmə potensialının inkişaf etdirilməsi, risklərin idarə edilməsi sistemlərinin gücləndirilməsi, insan resurslarının inkişaf etdirilməsi təşviq ediləcəkdir.

Qeyd edilir ki, maliyyə sektorunun inkişafı çərçivəsində, Biznes subyektləri üçün bank kreditlərinə çıxışın asanlaşdırılması istiqamətində işlər davam etdiriləcək. Ölkədə maliyyə inklüzivliyi və dərinliyinin artırılması məqsədilə təklif amillərinin təşviq olunması, o cümlədən kreditorların hüquqlarının müdafiəsi sisteminin effektivliyinin artırılması, uzunmüddətli maliyyələşmə mənbələrinin təmin edilməsi, risklərin ötürülməsi və bölüşdürülməsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilməlidir.

"Tələbin təşviq olunması ilə kreditlərə sağlam tələbin artırılması üçün ilk növbədə qeyri-formal iqtisadiyyatdan çıxış və şəffaflaşmanın sürətləndirilməsi, biznes subyektlərində korporativ idarəetmənin yaxşılaşdırılması, müstəqil mühasibatlıq və audit institutlarının inkişaf etdirilməsi kimi şərtlərin reallaşdırılması tələb olunur," bəyanatda deyilir.

AMB bildirir ki, agent bankçılığın inkişaf etdirilməsi də ölkədə maliyyə xidmətlərinə çıxışın artırılmasına və maliyyə xidmətlərinin keyfiyyətinin artırılmasına töhfə verəcəkdir. Alternativ maliyyələşmənin inkişafı üçün hüquqi və tənzimləmə çərçivəsinin formalaşdırılması işləri davam etdiriləcək.

Sığorta sektorunda tənzimləmə və nəzarət çərçivəsinin beynəlxalq prinsiplərə və qabaqcıl standartlara uyğunlaşdırılması çərçivəsində Solvency 2 standartlarına mərhələli keçid strategiyasının icrası davam etdiriləcəkdir.

Yekunda, AMB 2022-ci ildə monetar siyasətin milli iqtisadiyyatda makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına, ilk növbədə inflyasiyanın hədəf çərçivəsinə yaxınlaşmasına, maliyyə sektorunun iqtisadi inkişafda rolunun fəallaşmasına və bu məqsədlə monetar sferada və maliyyə sektorunda islahatların aparılmasına yönəldiləcəyini bildirir. Qarşıya qoyulan hədəflərin realizasiyası əhəmiyyətli dərəcədə makroiqtisadi siyasət institutları arasındakı koordinasiyanın effektivliyindən asılı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR