Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonundakı 36-cı seçki dairəsinin nəzdində fəaliyyət göstərən seçki məntəqələrində seçicilərin fəallığı çox zəifdir.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Marneulidəki 67 və 5 saylı seçki məntəqəsinin komissiya üzvləri bildiriblər.
Məlumata görə, digər seçki məntəqələrindən fərqli olaraq 48 saylı seçki məntəqəsində seçici fəallığı yüksəkdir. Bu gün “Gürcü Arzusu” tərəfindən parlament deputatlığına namizəd irəli sürülən Tamaz Naveriani, Gürcüstanın məcburi köçkünlər və qaçqınlar naziri Sozar Subari, müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın fəalları olan Qiqi Bokeria və digər nümayəndələr 48 saylı seçki məntəqəsinə baş çəkiblər.
“Gürcü Arzusu”nun icra katibi İrakli Kobaxidze “Gürcü Arzusu”nun fəallarını təxribatlara uymamağa çağırıb: “Bizim vəzifəmiz seçkiləri sülh şəraitində başa çatdırmaqır.”
Ümumilikdə isə seçki prosesi sakit və demokratik şəraitdə keçirilir. Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, seçki məntəqəsində kiçik qanun pozuntuları baş verib və araşdırma aparılır. MSK-nın mətbuat katibi Anna Mikeladze II tur seçkilərinin 2229 seçki məntəqəsində keçirildiyini bildirib. O, ölkə üzrə 2 478 042 seçicinin səsvermə prosesində iştirak etməsinin gözləndiyini bildirib. A. Mikeladze seçiciləri fəallığa çağırıb.
Qeyd edək ki, Gürcüstanda keçirilən seçkiləri 220-dən çox beynəlxalq və 12 mindən çox yerli müşahidəçilər izləyir. Seçki prosesləri haqqında isə vaxtaşırı olaraq bir çox ölkələrdən gələn 580-dən artıq jurnalist reportaj və xəbərlər verirlər.
Gürcüstanda II tur seçkiləri saat 20.00-da başa çatacaq. Ən çox səs toplayan namizəd qalib gələcək.