Səhiyyə Nazirliyi: Azərbaycanda qızılca, məxmərək, göyöskürək və difteriya xəstəlikləri qeydə alınmır

Səhiyyə Nazirliyi: Azərbaycanda qızılca, məxmərək, göyöskürək və difteriya xəstəlikləri qeydə alınmır
# 16 fevral 2016 11:41 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “2009-cu ildən başlayaraq Azərbaycanda qızılca xəstəliyi qeydə alınmırdı. Əhali arasında peyvəndlənmə aparılmışdı. 2013-cü ildə Avropa regionunda qızılca yayıldığı üçün bizdə də qeydə alındı. Lakin 2014-cü ildən etibarən ölkədə qızılca xəstəliyi qeydə alınmayıb. Biz hətta adi səpgili xəstələrin də müayinəsi aparırıq. Laborator müayinələr göstərir ki, Azərbaycanda qızılca xəstəliyi yoxdur”. Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

O bildirib ki, 2008-ci ildən bu günə kimi ölkədə məxmərək virusu qeydə alınmayıb: “2007-ci ildə tək-tək qeydə alınmalar var idi. Aparılan kompaniya nəticəsində 2008-ci ildən ümumiyyətlə məxmərək qeydə alınmır”.

Direktor müavini əlavə edib ki, göyöskürək və difteriya xəstəlikləri də uzun müddətdir ki, Azərbaycanda qeydə alınmayıb: “2014-2015-ci illərdə Azərbaycanda göyöskürək və difteriya xəstəlikləri qeydə alınmayıb. Difteriya xəstəliyi ilə bağlı heç şübhəli xəstə belə yoxdur. Çünki planlı immunlaşdırma aparılır və bu, 6 yaşa qədər bütün uşaqları əhatə edir. Vaksinin tərkibində difteriya komponenti var. Yüksək səviyyədə peyvəndlənmə təmin olunub. Tetanus xəstəliyi isə tək-tək hallarda böyük adamlar arasında qeydə alınır. Keçən il bir neçə nəfərdə tetanus xəstəliyi aşkarlanıb. Buna baxmayaraq, belə hesab etmək olar ki, Azərbaycanda tetanus da yox səviyyəsindədir”.

A. Əliyeva qeyd edib ki, ötən il Azərbaycanda bir neçə nəfərdə suçiçəyi xəstəliyi qeyd alınıb: “Bildiyiniz kimi, suçiçəyi peyvəndlə idarə olunmayan xəstəliklər qrupuna aiddir. Suçiçəyi böyüklər və kiçiklər arasında tək-tək qeydə alınır. Bizdə onun peyvəndi olsa da, hələlik tətbiq olunmayıb. Bizim üçün o idarə olunmayan xəstəlikdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR