“Qəbələ” İdman Klubu yeni layihəyə start verib

“Qəbələ” İdman Klubu yeni layihəyə start verib
# 09 mart 2016 09:25 (UTC +04:00)

Bakı – APA. “Qəbələ” İdman Klubu yeni aksiyaya start verib. Apasport.az saytının məlumatına görə, daha öncə də məktəblilərin iştirakı ilə layihələr həyata keçirən klub bu aksiya ilə növbəti yeniliyə imza atıb.

Belə ki, klubun sifarişi ilə hazırlanan məktəb ləvazimatları dəstləri (azyaşlılar və yuxarı sinif şagirdləri üçün fərqli olmaqla) şagirdlərə təqdim edilir. Qəbələ rayonundakı 68 məktəbdə təhsil alan 17 min şagirdi əhatə edən bu sosial aksiyanın məqsədi şagirdlərin idmana – futbola olan marağını artırmaq, idmanı təhsil vasitələri ilə - təhsildən ayrılmadan sevdirməkdi.

Artıq bütün kənd məktəblərinə ləvazimatlar paylanıb. Aksiyanın davamı kimi klub nümayəndələri Qəbələdəki orta məktəbləri ziyarət edəcək. Bu prosesə isə bu gün start verilib. Belə ki, “qırmızı-qaralar”ın futbol direktoru Toni Adams, baş meneceri Zaur Əzizov və kommersiya direktoru Mustafa Aztopal 1 saylı orta məktəbdə şagirdlərlə görüşüblər.

Adams qısa nitqində məktəbliləri “Qəbələ”ni dəstəkləməyə çağırıb: “Altı ildi burda olsam da, ilk dəfədi sizinlə görüşə gəlirəm. Bizim oyunlarımızı izləməyə gəlsəniz, söz verirəm ki, bura yenə gələcəm. İstəyirəm ki, “Qəbələ” komandasını dəstəkləyəsiniz”.

Sonda şagirdlərə hədiyyələr paylanılıb və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, “Qəbələ” mayın sonlarına qədər bütün orta məktəbləri ziyarət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR