Bakı. Könül Kamilqızı - APA. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Beynəlxalq QHT-dən ibarət Müşahidə Qrupunun mətbuat konfransı keçirilib.
APA-nın xəbərinə görə, konfransda Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin vitse-prezidenti Uillyam Rasimora (William Racimora) qrupun referendumla bağlı bəyanatını açıqlayıb. O bildirib ki, Konstitusiyaya ediləcək dəyişikliklər demokratiyanı və insan azadlıqları sahəsində inkişafı sürətləndirəcək, mövcud boşluqları aradan qaldıracaq. İdarəetmədə sabitliyi təmin edəcək: “Biz referendumla bağlı yekun nəticəni gözləyirik. Avropa İttifaqının tərəfdaş ölkəsində sabitliyin qorunması beynəlxalq əməkdaşlıq üçün vacibdir”.
Onun sözlərinə görə, qrup 49 seçki məntəqədə səsvermə prosesini, 5 məntəqədə isə sayılma prosesini müşahidə edib: “Səsvermənin ədalətli keçirildiyini gördük və heç bir qanun pozuntusu olmadı. Bu səsvermə Azərbaycan vətəndaşlarının gözləntilərini doğruldub”.
Belçikanın Polis üzrə Araşdırma Mərkəzinin sədri Borda Qulis şəffaflığa və təşkilatçılığa görə MSK-ya təşəkkür edib: “Müşahidələr rahat və sərbəst şəkildə aparılıb. Seçkilərlə bağlı bəyanat birgə hazırlanıb. Hər bir prosesin yüksək səviyyədə təşkil olunduğunu gördük”.