Nazirlər Kabineti “Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formaları və Qaydası”nı təsdiq edib.
APA-nın məlumatına görə, bu qayda meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formalarını və onların tətbiqi mexanizmini müəyyən edir.
Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formalarına fəxri diplomlarla təltif edilmə, pul və ya xatirə hədiyyəsi ilə mükafatlandırılma, yaşıllıq salınması və bərpası məqsədi ilə su təminatını yaratma və əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin edilmə, yaşıllıqların salınması, bərpası, genişləndirilməsi və mühafizə tədbirlərinin yerinə yetirilməsi sahəsində layihələrin maliyyə mənbələrinin axtarılmasına dəstək verilmə daxildir. Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə yerli büdcələrin vəsaiti, ətraf mühitin mühafizəsi üzrə fondların vəsaiti, tikinti layihələrinin ekologiya bölmələrinin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianələri və qrantlar, beynəlxalq və yerli təşkilatların ayırmaları və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir. Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə bələdiyyələr və istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanları tərəfindən aidiyyəti üzrə həyata keçirilir. Yaşıllıqların mühafizə sahəsində iqtisadi həvəsləndirmə yaşıllıqların salınması, bərpası, genişləndirilməsi və mühafizə tədbirlərinin yerinə yetirilməsi sahəsinə maraq göstərən hüquqi şəxslərə, birbaşa bu işə cəlb olunmuş işçilərə və vətəndaşlara şamil olunur. Yaşıllıqların (ağac və həmişəyaşıl kolların) salınması üzrə nəticələrin qiymətləndirilməsində ərazinin iqlimi, torpağın ekoloji vəziyyəti, bitmə zonalarına uyğun bioloji inkişaf normaları (faizləri), aqrotexniki xidmət, kənar müdaxilələrdən (mal-qaranın otarılması, kəsilmə və zədələnmə halları) mühafizə olunması vəziyyəti əsas götürülür və dağ zonası üçün dəmyə salınan yaşıllıqlarda bioloji inkişaf norması 65 faiz, dağ və dağətəyi zona üçün 70 faiz, aran-mexaniki suvarılan zona üçün 70 faiz, bütün zonalarda damcılı suvarılan yaşıllıqlarda 80 faiz qəbul edilir. Yaşıllıq salınmış ərazilər, geniş boş torpaq sahələrinin çatışmazlığı müşahidə olunan iri şəhərlərdə müəssisə və təşkilatlar üçün 0,5 hektardan sonra, vətəndaşlar üçün 0,1 hektardan, digər inzibati rayonlarda müəssisə və təşkilatlar üçün 1,0 hektardan sonra, vətəndaşlar üçün 0,5 hektardan sonra götürülür.
Ağacların bitmə zonalarına uyğun olan bioloji inkişaf normaları əldə edən və mühafizəsi “Yaşıllıqların mühafizəsi haqqında” qanununun tələblərinə uyğun təşkil oluna yaşıllıqlarla bağlı idarə, müəssisə və təşkilatlara fəxri diplom və minimum əməkhaqqının beş misli miqdarında birdəfəlik mükafat, birbaşa bu işə cəlb olunmuş işçilərə aylıq vəzifə maaşının iki misli miqdarında birdəfəlik mükafat, vətəndaşlara fəxri diplom və 800 manat məbləğində birdəfəlik mükafat təqdim olunacaq. Həmişəyaşıl kolların bitmə zonalarına uyğun olan bioloji inkişaf normaları əldə edən və mühafizəsi “Yaşıllıqların mühafizəsi haqqında” qanunun tələblərinə uyğun təşkil olunan yaşıllıqlarla bağlı idarə, müəssisə və təşkilatlara fəxri diplom və minimum əməkhaqqının üç misli miqdarında birdəfəlik mükafat, birbaşa bu işə cəlb olunmuş işçilərə aylıq vəzifə maaşının bir misli miqdarında birdəfəlik mükafat, vətəndaşlara fəxri diplom və 400 (dörd yüz) manat məbləğində birdəfəlik mükafat veriləcək. Bioloji inkişaf normalarını yerinə yetirən və 5 il müddətində ardıcıl olaraq həmin yaşıllıqlara aqrotexniki qulluq göstərilməsini, onların zədələnmədən və məhv olmaqdan, habelə xəstəlik və zərərvericilərdən mühafizəsini həyata keçirənlərə fəxri diplom və 1500 manat məbləğində birdəfəlik mükafat təqdim olunacaq.
Yaşıllıqların salınması, bərpası, genişləndirilməsi və mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə məqsədi ilə fiziki və hüquqi şəxslərə ilkin olaraq su təminatı yaradılacaq, onlar əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin ediləcəklər.