Azərbaycanda bütün yaşayış və qeyri-yaşayış tikintilərinin aparılması ilə bağlı şərtlər və qaydalara dəyişiklik edilir.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə əlavə və dəyişikliklər təklif olunub.
Məcəllənin 68-ci (Tikinti fəaliyyətinin ətraf mühitin mühafizəsi tələblərinə uyğun həyata keçirilməsi) maddəsinə təklif olunan əlavəyə görə, tikinti işləri ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və sanitariya-gigiyena, habelə yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına uyğun həyata keçirilməlidir. Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Məcəllənin 85-ci (Tikinti meydançası) maddəsinə təklif olunan əlavəyə görə isə tikintiyə icazədə tikinti ərazisində olan ağacların, kolların və digər yaşıllıqların mühafizəsi tədbirləri nəzərdə tutulmalıdır. Tikinti layihələrinin icrası nəticəsində götürülən yaşıllıqların miqdarı, növ tərkibi və bərpa dəyəri haqqında məlumatlar tikinti layihəsinin ekologiya bölməsinə daxil edilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib və noyabrın 11-də müzakirəyə çıxarılacaq.