Gürcüstan paytaxtındakı Kaxa Bakuradze adına teatrda məşhur gürcü klassiki David Kldiaşvilinin “Darispanın əziyyəti” premyerası olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının kollektivi bu gün oynanılan bir pərdəli əsərin premyerası ilə teatr mövsümünü açıq elan edib. “Darispanın əziyyəti” tamaşası başlamamışdan əvvəl Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrının bədii rəhbəri, həmçinin yeni tamaşanın quruluşçu rejissoru Varlam Nikoladze tamaşaçılar qarşısında çıxış edərək bu gün oynanılan tamaşa ilə tamaşaçılar qarşısında ciddi sınaq geçirdiklərini bildirib. O, çıxışında Gürcüstanın mədəniyyət nazirinə, Türkiyə və Azərbaycan səfirliklərinə, Yunis Əmrə Mədəniyyət Mərkəzinə tamaşaya gəldikləri üçün və həmçinin, Tiflis şəhər meriasına əsərin oynanılmasına şərait yaratdıqları üçün təşəkkür edib.
“Darispanın əziyyəti” tamaşasını azərbaycanlı aktyorlardan Turqay Vəlizadə, Leyla Qasımova, Aidə Tağıyeva, Aysel Məmmədova, Namiq Musayev ilə birgə gürcü və türk aktyorları Laura Rexviaşvili və Nicati Zəngin oynadıqları rolları peşəkarcasına ifa edibllər.
Gürcü, Azərbaycan və türk dillərində məharətlə ifa edilən əsər sona çatdıqdan sonra istedadlı aktyorlar tamaşaçıların sürəkli alqışlarını qazanıblar.
Tamaşaya baxışda Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Naziri Mixail Giorqadze, Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət attaşesi Samirə Ağayeva, Gürcüstanın mədəniyyət və incəsənət adamları, Trabzondan gələn teatr aktyorları, Tiflis və ətraf rayonlardan gələn gürcü və azərbaycanlı tamaşaçıları iştirak ediblər.
Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrının bədii rəhbəri Varlam Nikoladze APA-ya açıqlamasında bundan sonra “Arşın mal alan” komediyasını gürcü dilində oynayacaqlarını bildirib: “Biz çalışacağıq ki, Gürcüstanda Azərbaycan teatrı Azərbaycan yazıçılarının dram əsərlərini gürcü tamaşaçılarına tanıtsın və gürcü aktyorları isə gürcü yazıçılarının dram əsərlərini azərbaycanlı tamaşaçılara tanıtmalıdır. Biz teatrımızda bəzi Azərbaycan və gürcü yazıçılarının dramaturgiyasına da müraciət edəcək və bu əsərləri ayrıca olaraq iki xalqın dilində də oynayacağıq. Biz iki xalq olaraq bir-birimizin mədəniyyətini daha yaxın və çox geniş şəkildə tanımağa çalışacağıq. Biz mədəniyyətlərimizin belə əməkdaşlığını yaratmaq istəyirik,” V. Nikoladze qeyd edib.
Teatrın bədii rəhbəri V. Nikoladze hazırda onların fəaliyyət göstərdiyi teatr binasının yarıtmaz halda olduğunu bildirib: “Təəssüf edirəm ki, bizim teatrımızda tamaşalar hazırlamaq və oynamaq üçün istənilən şərait yoxdur. Düşünürəm ki, bir ölkədə bir dövlət teatrı fəaliyyət göstərirsə, onun öz teatrı olmalıdır. Belə olmazsa, teatr yaşaya bilməz. Azərbaycan və Gürcüstan dövlətləri birlikdə çalışıb bizim teatrın vəziyyətini yaxşılaşdırmalıdırlar,” bədii rəhbər vurğulayıb.
Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Naziri Mixail Giorqadze APA-nın sualını cavablandırarkən Heydər Əliyev adına Azərbaycan Dövlət Dram Teatrının tikintisinə münasibət bildirib: “Bildirim ki, Azərbaycan teatrının yeni binası ilə bağlı layihə üzərində iş gedir. Tezliklə teatrın ayrıca binasının layihəsi başa çatan kimi tezliklə tikintiyə başlanılacaq,” nazir qeyd edib.
O, bu gün premyerası olan əsərin nazirliyin əsas prioritetlərindən biri olduğunu da qeyd edib.
Əsərdə rol alan türk aktyoru Nicati Zəngin “Darispanın əziyyəti” tamaşasının Bakıda da oynanılacağını bildirib.