Bakıda “Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş dəyərlərin müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar" mövzusunda respublika elmi-nəzəri konfrans keçirilib.
APA-nın xəbərinə görə, Heydər Əliyevin anadan olmasının 94-cü il dönümünə həsr olunmuş tədbir AMEA Hüquq və İnsan Haqları İnstitutu, Konstitusiya Məhkəməsi, Qara dəniz və Xəzər dənizi regionu ölkələri hüquqşünasları assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, Heydər Əliyevin səyi nəticəsində beynəlxalq hüquq prinsiplərinin vacibliyi nəzərə alınmaqla, müasir cəmiyyətdə insan hüquqları sisteminin yeni kriteriyaları müəyyənləşdirilib.
O qeyd edib ki, müstəqil Azərbaycanın ilk konstitusiyasının qəbul edilməsindən 22 il ötür: "Azərbaycanın yeni konstitusiyasının qəbulu ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bizim konstitusiyamız sərvətimizdir. Bu gün Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər konstitusiyaya söykənir".
Üç mərhələdə Azərbaycan konstitusiyasında dəyişikliklərin baş verdiyini xatırladan F. Abdullayev deyib ki, konstitusiyaya edilən dəyişikliklər Azərbaycanın inkişafı ilə bağlıdır.
AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva isə bildirib ki, Heydər Əliyevin ən böyük məqsədi Azərbaycan dövlətinin müstəqilliyinin daimi olması, insan hüquqlarının qorunmasını rəhbər tutan vətəndaş cəmiyyətinin bərqərar olması idi: "Azərbaycan müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının təmini sahəsində beynəlxalq təcrübəyə əsaslanan tamamilə yeni qanunvericilik sistemi işlənib hazırlandı. Bütün köhnə normativ hüquqi baza yeniləndi, yeni zəruri hüquq institutları, Konstitusiya Məhkəməsi, Ombudsman təsisatı yarandı".
Tədbir çıxışlarla davam etdirilib.