Azərbaycandakı sığorta şirkətlərinin bu il topladığı sığorta haqları 9% azalıb, ödənişləri isə 4% artıb

Azərbaycandakı sığorta şirkətlərinin bu il topladığı sığorta haqları 9% azalıb, ödənişləri isə 4% artıb
# 27 sentyabr 2019 17:42 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 469,8 mln. manat məbləğində sığorta haqqı toplanıb, 175,5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,1% az və 3,8% çoxdur.

APA-Economics”in Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 315,6 mln. manat, ödənişlər isə 124,1 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 154,2 mln. manat, ödənişlər isə 51,4 mln. manat olub.

Hesabat dövründə sektor üzrə məcmu sığorta haqlarının 67,2%-i könüllü, 32,8%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 70,7%-i könüllü, 29,3%-i icbari sığorta növləri hesabına formalaşıb.

“Vergi sahəsində aparılmış islahatlar nəticəsində daha öncə təklif edilən vergi güzəştlərinin və həyatın yaşam sığortasına yönəldilən vəsait üzrə limitin azaldılması ilə əlaqədar keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi yığımlarda azalma olsa da, qeyri-həyat sığortası üzrə həm könüllü (1% və ya 0,9 mln. manat), həm də icbari sığorta növlərində (7% və ya 8 mln. manat) artım müşahidə edilib. Belə ki, qeyri-həyat sığortasının könüllü növlərində olan artımın əsas drayveri tibbi (14% və ya 8.8 mln. manat artım) və avtonəqliyyat vasitələrinin sığortası (28% və ya 4,8 mln. manat artım) üzrə olub”, - deyə Palatanın məlumatında deyilir.

Qeyri-həyat sığortasının icbari növləri üzrə artımın əsas drayveri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (5% və ya 3 mln. manat artım) və daşınmaz əmlakın icbari sığortası (24% və ya 4,9 mln. manat artım) növüdür. İcbari avtomobil sığortası üzrə artım sığorta müqavilələrinin elektronlaşdırılması və ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə daxil olan avtonəqliyyat vasitələrinin artması (təxminən 2 dəfə) ilə əlaqədardır.

Həyat sığortası üzrə könüllü sığorta növlərinin bəzilərində azalma olsa da, sığorta sektorunun iqtisadi-sosial əhəmiyyət daşıyan növlərindən olan istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 14%-lik və ya 3,9 mln. manatlıq artım olub.

Ötən ilin analoji dövrü ilə müqayisədə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərdə 8,9 mln. manat, hava nəqliyyatı vasitələrinin sığortası üzrə 5,4 mln. manat, avtonəqliyyat vasitələrinin sığortası üzrə 2 mln. manat artım olub. Azalma isə tibbi sığorta (2,2 mln. manat) və yaşam sığortası (5 mln. manat) üzrə olub. Sözügedən növlər üzrə ödənişlər müvafiq dövr ərzində hadisənin baş vermə intensivliyindən asılı olaraq dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR