Bu gün Bakıda Hesablama Palatasının ev sahibliyi ilə INTOSAI-ın Maliyyə Auditi və Mühasibatlıq üzrə Alt-komitəsinin illik toplantısı işinə başlayıb.
“APA-Economics” xəbər verir ki, toplantıdan öncə tədbir iştirakçıları Şəhidlər xiyabanını və Fəxri xiyabanı ziyarət ediblər, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyublar.
Tədbiri giriş sözü ilə açan Hesablama Palatasının auditoru Hilal Hüseynov Alt-komitənin gördüyü işlər barədə ümumi məlumat verərək maraqlı tərəflərin dövlət sektorundan gözləntilərindən, dövlət maliyyəsinin idarəedilməsinin modernizasiyasından, o cümlədən uçot və hesabatlılıq sahəsində aparılan islahatların audit sahəsində əhəmiyyətli dəyişikliklərə təkan verməsindən bəhs edib.
Tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin, Avstriyanın, ABŞ-ın və digər ölkələrin nümayəndələri çıxış edəcəklər.
Qeyd edək ki, sentyabrın 1-dək davam edəcək tədbirdə INTOSAI səviyyəsində əldə edilmiş son nailiyyətlərdən, ali audit orqanların beynəlxalq standartlarında edilmiş dəyişikliklərdən, həmçinin üzv ali audit orqanların maliyyə auditi sahəsindəki təcrübələrindən, tətbiq edilən audit metodologiyaları ilə əlaqədar qarşıya çıxan çətinliklərdən bəhs ediləcək.