Azərbaycan Dövlət Simfonik Orkestri Moskva Dövlət Akademik Filarmoniyasında keçirilən “Digər Fəza” V Beynəlxalq Aktual Musiqi Festivalında çıxış edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, noyabrın 2-dən 6-dək davam edəcək festivalda nazirliyin maliyyə və təşkilatı dəstəyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Moskva şəhərinə ezam olunacaq.
Noyabrın 5-də təşkil olunacaq konsert proqramında professor Fərəc Qarayevin “Serenada” (1971), alman bəstəkarı K.Ştokxauzenin üç orkestr üçün “Qruplar” və italyan bəstəkarı Luçano Berionun “Sinfonia” əsərləri səslənəcək.
İlk dəfə olaraq, bir konsertdə üç böyük kollektiv - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, “Questa musica” ansamblı və Rusiya Dövlət Orkestrinin solistləri eyni səhnəni bölüşəcəklər.