Bu gün ləğv prosesində olan "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin ilk iclası keçirilir. "APA-Economics" xəbər verir ki, Kreditorlar Komitəsinin iclasının keçirilməsində məqsəd ləğvetmə prosesinin şəffaflığının təmin edilməsidir.
İclasda "Azercell Telekom" MMC, "Standard Insurance", "Qala Həyat Sığorta", "FINCA Azerbaijan", "Unileasing", İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF), "SOCAR Cape", Xəzər Universitetinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri iştirak edir.
Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadovun sözlərinə görə, hal-hazırda ləğvetmədə olan bankların əksəriyyəti üzrə məhkəmələrdən qərarlar alınıb. "Digər bankların da kreditorlarına məlumat göndərilib. Bu ay ləğvetmə prosesində olan bütün banklar üzrə Kreditorlar Komitəsinin iclası keçiriləcək".
A.Cavadov əlavə edib ki, ləğv olunan banklardakı 3,2 mlrd. manatlıq ümumi vəsaitin 1,2 mlrd. manatı "Bank Standard"ın payına düşür.