Prezident İlham Əliyev: “Zəbt edilmiş torpaqların böyük bir hissəsi qaytarılıb”

Prezident İlham Əliyev: “Zəbt edilmiş torpaqların böyük bir hissəsi qaytarılıb”
# 07 oktyabr 2016 23:05 (UTC +04:00)

Bakı-APA. Zəbt edilmiş torpaqların böyük bir hissəsi artıq qaytarılıb.

APA TV-nin məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib: “Mənə verilən məlumata görə, 200 min hektardan çox zəbt edilmiş, istifadəsiz torpaq artıq qaytarılıb. Qanunsuz icarə müqavilələri bağlanılıb. Kim ki, o torpaqları əkib-becərir, biz buna ancaq şad olarıq. Amma kim bunu zəbt edib və möhtəkirliklə məşğuldur, əmanət kimi saxlayır və gözləyir ki, qiyməti qalxandan sonra satsın və ya bölsün, yaxud da ev tiksin buna yol vermək olmaz. Ona görə, bu göstərişlər verilib, bu iş də davam etdirilməlidir. Qanunsuz zəbt edilmiş torpaqlar dövlət fonduna qaytarılmalıdır. Kim ki, istifadə edir, çox yaxşı, ona dövlət tərəfindən dəstək verilməlidir. Bütün bu işlərə əlbəttə ki, dövlət dəstəyi, o cümlədən maliyyə dəstəyi verilməlidir”.

Dövlət başçısı deyib ki, məcburi köçkünlərin problemləri həmişə diqqət mərkəzindədir. Onun sözlərinə görə, bu işlərə böyük vəsait ayrılıb, bölgələrdə 100-ə yaxın qəsəbə salınıb, Bakı şəhərində evlər tikilib.

“Hesab edirəm ki, 2017-ci ildə bu məsələləri daha da sürətlə həll etmək üçün biz iki yolla getməliyik. Əlbəttə, yeni qəsəbələr salınmalıdır, salınır. Eyni zamanda, yeni binalar tikilməlidir, satılmayan mövcud mənzillər dövlət tərəfindən alınmalıdır və köçkünlərə verilməlidir. Beləliklə, biz ağır vəziyyətdə yaşayan soydaşlarımızın problemlərini daha da tez bir zamanda həll edə bilərik. Çünki binaların tikintisi vaxt tələb edir. Bir də ki, Bakı şəhərində, digər şəhərlərdə kifayət qədər çox mənzillər var ki, boşdur, dövlət onları ala bilər. Bu da öz növbəsində tikinti sektorunu canlandıra, vergiləri artıra bilər”.

Prezident əlavə edib ki, bu yaxınlarda yaradılan Mənzil İnşaatı Dövlət Agentliyi öz işinə başlayıb, Yasamal rayonunda böyük tikinti layihəsi icra olunur və sosial mənzillərin tikilməsi prosesi başlayır:

“Bunun çox böyük sosial mənası var və inşaat sektoruna, xüsusilə tikinti materialları sektoruna da böyük təsiri olacaq. Bizim sahibkarlar da buna hazır olsunlar. Elə etməliyik ki, o layihələrdə istifadə olunacaq bütün inşaat materialları Azərbaycan mənşəli olsun”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR