“Son günlər yağışların normadan artıq yağması nəticəsində Şamaxının Çuxuryurd kəndində yerləşən göldə suyun səviyyəsi qalxıb. Nəticədə həmin ərazidə sürüşmə baş verib, rayonun Dədəgünəş kəndinə gedən yolun bir hissəsi bağlanıb”.
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O bildirib ki, Dədəgünəş kəndi sürüşməyə meylli ərazidir.
Ə. Qaralov qeyd edib ki, Şamaxı-Çuxuryurd-Qızmeydan avtomobil yolunun 4-cü və 5-ci km-də torpaq sürüşməsi baş verib, nəticədə asfalt qatın üzərində çatlar yaranıb: “Bundan əlavə, rayonun Cabanı kəndinin mərkəzində 30 metr enində, 2 metr dərinliyində, 80 metr uzunluğunda torpaq sürüşməsi baş verib. Gündəlik sürüşmə ərazisinin artması, ətrafda yerləşən fərdi yaşayış evlərində çatların əmələ gəlməsi müşahidə olunur. Sürüşmə aktiv mərhələdədir”.