Bakı-APA. Moskva və Ankara 10-12 oktyabr tarixlərində İstanbulda keçiriləcək Ticari-iqtisadi Əməkdaşlıq üzrə Rusiya-Türkiyə Hökumətlərarası Komissiyasının iclasında “Türk axını” barədə müqavilə imzalaya bilər.
APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
A. Novak deyib ki, hökumətlərarası müqavilənin layihəsi hazırdır, qalan bir neçə məsələ ilə bağlı Rusiya tərəfi türkiyəli həmkarları ilə aktiv əlaqə saxlayır. Rusiyanın energetika naziri iclasda müqavilənin imzalanması şansının olduğunu söyləyib.
Qeyd edə ki, “Türk axını” Qara dənizdən keçməklə Türkiyə-Yunanıstan sərhədinə qədər qaz kəmərlərinin çəkilməsini nəzərdə tutur. Layihə çərçivəsində hər birinin gücü ildə 15,75 milyard kubmetr olan 4 kəmərin çəkilməsi, Rusiya qazının Türkiyə və Avropa bazarlarına çıxarılması üçün yeni marşrutun yaradılması planlaşdırılıb. İlk kəmərlə ötürüləcək qazın bütünlüklə Türkiyənin qaz tələbatına yönəldilməsi razılaşdırılıb. Layihənin ümumi dəyər 11,4 milyard avrodur.