Qeyri-neft sektorundan daxilolmalar neft gəlirlərinin azalmasını tam kompensasiya etmir.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, Dövlət Neft Fonundan dövlət büdcəsinə transfertin məbləğində artımlar var. Lakin bu artımlar bizim əsas fiskal siyasət sənədimizin əsasını təşkil edən büdcə qaydasının hədəflərinə xələl gətirmir: "Hazırda neft gəlirlərimizin azalması prosesi baş verir. Bu azalma iki faktorla bağlıdır. Biri dünyada qlobal dekarbonlaşma meylləri, digəri neft yataqlarımızdan hasilatın azalması prosesləridir. Bunlar büdcə gəlirlərinə mənfi təsir göstərir. O təsirin azaldılması qeyri-neft sektorundan daxilolmalar hesabına kompensasiya edilməlidir. Qeyri-neft sektorundan daxilolmalar ildən-ilə artır. Gələn il üçün də bu artımın olması istisna deyil. Gələn il də əhəmiyyətli artımlar gözlənilir. Amma bu artımla neft gəlirlərinin azaldılmasını tam kompensasiya etmir. Bununla bağlı qarşımızda böyük vəzifələr durur. Bu vəzifələr əsasən işğaldan azad edilən ərazilərin yenidən qurulması, iqtisadiyyatımıza reinteqrasiyası ilə bağlıdır. Bu məqsədlərə də dövlət büdcəsindən vəsaitin hər il təmin edilməsi vacibdir. Bu baxımdan hesab edirəm ki, Neft Fondundan bir qədər transfertin artırılması makroiqtisadi sabitliyə xələl gətirməyəcəyi dərəcədə kifayət qədər əsaslıdır”.