Manatın qeyri-neft nominal effektiv məzənnəsi 3.6% möhkəmlənib

Manatın qeyri-neft nominal effektiv məzənnəsi 3.6% möhkəmlənib
# 22 avqust 2022 11:14 (UTC +04:00)

Bu ilin 6 ayında manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda bildirilir.

Qeyd edilib ki, banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub. Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1 ABŞ dollarına nəzərən 1.6979 manat, satış məzənnəsi isə 1.7024 manat təşkil edib.

Hesabat dövründə manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı əsasən möhkəmlənib. Belə ki, manatın məzənnəsi avroya, Türkiyə lirəsinə, İngiltərə funt-sterlinqinə, Qazax tengəsinə, Yaponiya yeninə, İsveçrə frankına, Ukrayna qrivnasına qarşı bahalaşıb, Rusiya rubluna və Gürcüstan larisinə qarşı ucuzlaşıb.

İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Ümumilikdə, dövr ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 3.6% möhkəmlənib, real effektiv məzənnəsi isə 5.7% ucuzlaşıb. Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta inflyasiyadan aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir edib.

Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiya idxalını məhdudlaşdıran başlıca amillərdən biri kimi çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR