Hacıqabul rayonunda, Bakı-Qazax magistralının 112-ci kilometrliyində ağır tonnajlı yük avtomobili aşıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Qurbanov Rahib Ramiz oğlunun idarə etdiyi “Qlobal” MMC-yə məxsus “MAN” markalı yük treylerinin aşması nəticəsində yol infrastrukturuna ciddi ziyan dəyib. Yük avtomobilində olan 30 tondan çox sement yola dağılıb. Sükan arxasında yuxulayan sürücü dəmir sədləri qıraraq magistralın qarşı tərəfinə çıxıb və avtomobili aşırıb.
Sürücü yüngül xəsarət alıb.
Faktla bağlı BDYPİ tətəfindən araşdırma aparılır.
***
10.35
Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 110-cu km-də, magistral yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, Hacıqabul şəhəri istiqamətdə hərəkətdə olan 99-JF-057 dövlət nömrə nişanlı “MAN” markalı yük maşınının sürücüsü naməlum səbəbdən idarə etməni itirib və yük maşını yol ayrıcında quraşdırılmış metal təhlükəsizlik səddini dağıdaraq qarşı tərəfə çıxaraq aşıb.
“Baş vermiş qəza nəticəsində yol ayrıcında quraşdırılmış 60 paqon-metr uzunluğunda əyri-xətli dəmir tirlər sıradan çıxıb. İlkin hesablamalara görə, yol təsərrüfatına 4 min manata yaxın ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib”, - deyə məlumatda bildirilir.