İsrail səfiri Lerik rayonunda olub

İsrail səfiri Lerik rayonunda olub
# 07 sentyabr 2016 18:10 (UTC +04:00)

Lerik. Ağəddin Babayev – APA. İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav bu gün Lerik rayonunda rəsmi səfərdə olub.

APA-nın cənub bürosunun məlumatına görə, səfər ərzində səfiri xanımı Gili Stav, missiya rəhbərinin müavini Amir Rom, səfirliyin İqtisadi və Ticarət Əlaqələri departamentinin rəhbəri Kəmalə Ramazanova müşayiət ediblər.

Lerik rayonu ilə tanışlıq məqsədi daşıyan səfər çərçivəsində Dan Stav Lerik Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rövşən Bağırovla görüşüb. Çay süfrəsi arxasında davam edən görüşdə R.Bağırov qonağa rayonun qədim tarixi, coğrafi mövqeyi, adət-ənənəsi, mədəniyyəti haqqında məlumat verərək, aqrar bölmənin dirçəldilməsi üçün həyata keçirilən tədbirlərdən, turizm potensialı və son illərdə görülmüş tikinti-quruculuq işlərindən söz açıb.

Səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Dan Stav İsrail-Azərbaycan dövlətləri arasında ikitərəfli əməkdaşlığın getdikcə inkişaf etdiyini vurğulayıb, Azərbaycanda gedən sosial-iqtisadi inkişafın onda xoş təəssürat oyatdığını, paytaxtla yanaşı region şəhərlərində də inkişafın, müasirləşmənin getdiyini, Lerikin füsunkar təbiətinin insanda xoş əhval-ruhiyyə yaratdığını və burada olmasından məmnun qaldığını diqqətə çatdırıb.

Görüş zamanı səfir Dan Stava rayon sakinləri tərəfindən hazırlanmış xalq sənətkarlığı nümunələrindən ibarət hədiyyələr, rayon haqqında yazılmış kitablar və təbii Lerik balı hədiyyə edilib. Daha sonra qonaq “Uzunömürlülər” və rayon tarix diyarşünaslıq muzeylərindəki eksponatlarla, həmçinin rayonun bir sıra tarixi və mədəni abidələri ilə yaxından tanış olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR