Bakı. Mübariz Aslanov – APA. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, doktor İsmail Seragəldin Bolqarıstan prezidentinin mükafatı ilə təltif olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bolqarıstan Respublikası Prezident sarayında prezident Rosen Plevneliev, Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov, Azərbaycan və Misirin Bolqarıstandakı səfirlərinin iştirakı ilə mükafatın təqdimat mərasimi keçirilib.
R. Plevneliev doktor İ. Seragəldinin NGBM-in həmsədri kimi göstərdiyi önəmli fəaliyyətini vurğulayıb. İ. Seragəldin Sofiya Universitetinin Fəxri Doktoru diplomu ilə də təltif edilib.
Qeyd edək ki, NGBM Bolqarıstan hökuməti və ictimai qurumları ilə fəal əməkdaşlıq edir. Belə ki, R. Plevneliev Mərkəzin təşkil etdiyi 3-cü və 4cü Qlobal Bakı Forumlarında, təşkilatın Ali Səviyyəli toplantılarında iştirak edib və Sofiyada bu toplantılara ev sahibliyi edib. Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov Mərkəzin İdarə Heyətinin üzvü, eks-prezident Georgi Prvanov və keçmiş baş nazir Petre Roman isə üzvləridir.