Məhkəmə TQDK və “Abituriyent” jurnalına məxsus test və məlumatları sosial şəbəkədə yayan şəxsi cərimələyib

Məhkəmə TQDK və “Abituriyent” jurnalına məxsus test və məlumatları sosial şəbəkədə yayan şəxsi cərimələyib
# 31 avqust 2016 15:49 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqlarını və müxtəlif nəşrləri qeyri-qanuni yollarla yayımlayanlara qarşı mübarizə davam etdirilir.

TQDK-dan APA-ya verilən məlumata görə, Dövlət Komissiyası tərəfindən keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının, o cümlədən müxtəlif nəşrlərin, test kitabları, dərs vəsaitləri və “Abituriyent” jurnalının ayrı-ayrı saylarının qeyri-qanuni yolla yayımlanması qadağandır. Məlumatda bildirilib ki, 6 mart 2016-cı ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilmiş qəbul imtahanından sonra imtahan sualları Şərifov Rəşadət Rəşid oğlu tərəfindən qanunsuz olaraq kütləvi informasiya vasitələrində yayılıb: “O, həmçinin ideya müəllifi olduğu internet saytında və Facebook sosial şəbəkəsində təsisçisi olduğu qrupda əvvəlki illərdə keçirilən magistraturaya qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının da yayılmasına yol verib. Həmin sualların qeyd olunduğu sual kitabçalarının imtahandan sonra TQDK-nın razılığı olmadan sosial şəbəkədə və digər internet saytlarında yayılması imtahan suallarının məxfiliyinin qorunması qaydalarının pozulmasına səbəb olub. Əvvəlki illərdə keçirilən magistraturaya səviyyəsinə qəbul imtahanlarında istifadə olunan imtahan suallarından növbəti illərdə keçirilən imtahanlarda istifadə olunur. Nəticədə TQDK yenidən mütəxəssislərin cəlb edilməsi, yeni sualların hazırlanması və s. tədbirlər həyata keçirmək məqsədilə xeyli miqdarda vəsait sərf edib ki, bu da dövlət qurumuna mühüm zərər vurulmasına səbəb olub. Bundan başqa, Şərifov Rəşadət Rəşid oğlu tərəfindən TQDK və “Abituriyent” jurnalı redaksiyasına məxsus “Abituriyent 2016 Magistr №1”, “Abituriyent 2016 Magistr №2” jurnallarının qanunsuz yayılması müəllif hüquqlarının pozulmasına səbəb olub”.


Qeyd olunanlarla əlaqədar TQDK və “Abituriyent” jurnalı redaksiyası Şərifov Rəşadət Rəşid oğluna qarşı “pozulmuş müəllif hüquqlarının bərpası, vurulmuş zərərin əvəzinə və işgüzar nüfuza vurulmuş zərərə görə kompensasiya ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Zərdab Rayon Məhkəməsinə müraciət edib: “Məhkəmə iclasında cavabdeh Şərifov Rəşadət Rəşid oğlu izahatında bildirib ki, səhv etdiyini başa düşür və gələcəkdə belə hallara yol verməyəcək. Yekunda Zərdab Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixdəki iclasında Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq qəbul etdiyi 2(035)-570/2016 saylı qətnamədə iddiaçılar Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və “Abituriyent” jurnalı redaksiyasına məxsus testlərin və məlumatların sosial şəbəkədə və müxtəlif saytlarda yayılması cavabdeh Şərifov Rəşadət Rəşid oğluna qadağan edilməsi, iddiaçı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəllif hüquqlarının pozulmasına və işgüzar nüfuzuna dəymiş zərərə görə cavabdeh Şərifov Rəşadət Rəşid oğlundan 2500 manat məbləğində pul tutularaq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ödənilməsi, iddiaçı “Abituriyent” jurnalı redaksiyasının müəllif hüquqlarının pozulmasına görə dəymiş zərərə görə cavabdeh Şərifov Rəşadət Rəşid oğlundan 2500 manat məbləğində pul tutularaq, “Abituriyent” Jurnalı Redaksiyasına ödənilməsi, məhkəmə qətnaməsinin cavabdeh Şərifov Rəşadət Rəşid oğlunun ideya müəllifi olduğu internet saytında və Facebook sosial şəbəkəsində təsisçisi olduğu qrupda yerləşdirilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması və s. müddəalar öz əksini tapıb”.


Qeyd olunub ki, TQDK və “Abituriyent” jurnalı Redaksiyası bundan sonra da qeyd olunan qeyri-qanuni əməllərin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlığı davam etdirəcək: “Bir daha xatırladırıq ki, rəsmi razılıq olmadan TQDK və “Abituriyent” jurnalı redaksiyasına məxsus materialların yayılması, təkrar çapı, elektron üsulla sürətinin çıxarılması qadağandır!”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR