Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın ən innovativ və yüksək texniki təchizata malik banklarından biri sayılan “Bank Standard” plastik kartlar üzrə xidmətini bütövlükdə özünün prosessinq mərkəzinə keçirir.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, bununla da “Bank Standard” müştərilərinə yüksək keyfiyyətli və operativ xidmət göstərməklə bərabər, yeni, daha unikal və innovativ məhsullar təqdim edə biləcək.
Həmçinin müştərilər bütün kart hesabları üzrə əməliyyatları real vaxt rejimində həyata keçirəcəklər. Xüsusilə qeyd etmək lazımdır ki, “Bank Standard” SMS məlumatlandırma xidmətini də tamamilə bərpa edib. Müştəri plastik kartla hər hansı əməliyyatı həyata keçirən zaman yenidən dərhal SMS vasitəsilə tranzaksiyanın mənbəyi, məbləği və eləcə də, hesabdakı qalıq haqqında məlumat alacaq.
Qeyd edək ki, “Bank Standard” yaratdığı, müasir tələblərə cavab verən prosessinq mərkəzinə keçidlə bağlı bir müddət bəzi texniki problemlərlə qarşılaşmışdı. Artıq bank müştərilərinə bu problemlərin əksəriyyətinin aradan qaldırıldığını bildirərək onlara gələcəkdə də yarana biləcək problemlərin qısa zaman ərzində həllinə təminat verir. Müştərilər hər hansı məsələ ilə bağlı istənilən vaxt “Bank Standard”ın 24 saat fəaliyyət göstərən 158 məlumat mərkəzinə, facebook səhifəsindəki “Online Consultant” və bankstandard.com saytındakı “Online-Məsləhət” xidmətinə müraciət edə bilərlər.
Bankın məlumatında bildirilir ki, “Bank Standard” müştərilərinə problemlər yaşanan müddətdə göstərdikləri səbir və anlayış üçün təşəkkür edir. Eyni zamanda bank bildirir ki, prosessinq mərkəzi bazasında bir neçə yeni və unikal məhsul hazırlayaraq ilin sonunadək onları müştərilərə təqdim etməyi planlaşdırır.