“2017-ci ilin 3-cü rübünün nəticələrinə görə “Kapital Bank”ın aktivləri 3 milyard manat, xalis mənfəəti 57,6 milyon manat, nizamnamə kapitalı 185 milyon manat, məcmu kapitalı isə 266,3 milyon manat təşkil edib. Əminəm ki, 2017-ci ili də yüksək nəticələrlə başa vuracağıq.”
“APA-Economics” xəbər verir ki, bunu “World Economic” jurnalına müsahibəsində “Kapital Bank”ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev deyib.
Onun sözlərinə görə, bu ilin sonunadək bankın əsas maliyyə göstəriciləri ilə bağlı proqnozları pozitivdir.
“İlin sonuna bir neçə ay qalıb və 3-cü rübün hesabatına nəzər saldıqda görürük ki, rəqəmlərimiz çox ümidvericidir. 2017-ci ildə də artım tendensiyasının saxlanılmasına çalışacağıq. Bundan başqa, hazırda “Kapital Bank” 2018-2020-ci illərin strateji hədəflərini həyata keçirməyə başlayacaq. Keçmiş 3 ilin hədəflərini yüksək nəticələrlə başa vurduq. Çətin transformasiya prosesi zamanı bizimlə olan müştərilərinizə təşəkkürümü bildirmək istərdim. Növbəti illərdə də olduqca çətin və məsuliyyətli hədəflərimiz var. Əminəm ki, onları da peşəkar komandamızın köməkliyi, səyi və bacarığı ilə həyata keçirə biləcəyik”, - deyə R.Allahverdiyev vurğulayıb.