«Unibank» DEG Korporasiyası ilə 15 mln. dollarlıq kreditin 6 il uzadılmasına dair müqavilə imzalayıb

«Unibank» DEG Korporasiyası ilə 15 mln. dollarlıq kreditin 6 il uzadılmasına dair müqavilə imzalayıb
# 28 iyun 2013 14:01 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. «Unibank» ASC ilə Almaniyanın DEG investisiya korporasiyası arasında 15 mln. ABŞ dolları məbləğində subordinasiyalı kreditin 6 il müddətinə uzadılmasına dair müqavilə imzalanıb.

«Unibank»dan «APA-Economics»ə verilən məlumata görə, tərəflər arasında subordinasiyalı borc öhdəliyi haqda müqavilə 2008-ci ilin aprelində imzalanıb. Müqavilənin yenidən uzadılması sənədinə «Unibank» ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov və DEG-in İdarə Heyətinin üzvü Filip Kreutz imza atıblar.

İmzalanma mərasiminə həsr olunmuş tədbirdə F.Hüseynov bildirib ki, DEG 2005-ci ildən bankın səhmdarıdır: «DEG tərəfindən bankımıza ayrılan vəsaitlər hesabına yüzlərlə biznes layihələri maliyyələşdirilib. 2009-2010-cu illərdə dünyada maliyyə böhranı yüksək nöqtəsinə çatan zamanda DEG başqa tərəfdaşları ilə bərabər «Unibank»a etibar edib, bizə böyük həcmdə dəstək verib. Zaman onu göstərdi ki, bizim seçdiyimiz strategiya doğrudur və bugünkü əməkdaşlığımıza nail ola bilmişik. Yeni müqavilə üzrə cəlb edilən vəsaiti «Unibank»ın təsdiq etdiyi strategiya çərçivəsində kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönəldəcəyik. Bu uzunmüddətli vəsaitlərdir. Ümid edirəm ki, 1 və ya 2 ildən bir belə mühüm layihələr həyata keçirəcəyik».

Öz növbəsində F.Kreutz qeyd edib ki, DEG-in prioriteti uzunmüddətli əməkdaşlıqdır: «Etibarlı tərəfdaş kimi, DEG «Unibank»ı nəinki uzunmüddətli maliyyələşdirmə ilə, həmçinin məsul məsləhətləri ilə təmin edir. Subordinasiyalı kreditin müddətinin uzadılması «Unibank»ın nizamnamə kapitalı bazasının möhkəmləndirilməsinə və daha da inkişafına imkan yaradacaq. Uzunmüddətli təcrübəyə əsaslanaraq, maliyyə sektorunda diversifikasiya və professionallığı təşviq etmək niyyətindəyik. Ümid edirik, «Unibank»la etibarlı və konstruktiv əməkdaşlığımız davam edəcək».

Qeyd edəu ki, DEG 2005-ci ildən «Unibank»ın səhmdarlarından biridir. DEG bankın səhmlərinin 8,33 %-nə malikdir.

Xatırladaq ki, bu il «Unibank»ın beynəlxalq maliyyə qurumları ilə daha bir neçə müqavilə imzalaması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR