Azərbaycanda ötən ay 2 mln. manatdan çox icbari sığorta ödənişi həyata keçirilib

Azərbaycanda ötən ay 2 mln. manatdan çox icbari sığorta ödənişi həyata keçirilib
# 04 sentyabr 2013 13:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin avqust ayı ərzində Azərbaycan İcbari Sığorta Bürosunun informasiya sistemi vasitəsilə qeydiyyata alınmış sığorta tələbləri üzrə həyata keçirilmiş sığorta ödənişlərinin ümumi məbləği 2 mln. manatdan çox olub.

Bürodan «APA-Economics»ə verilən məlumata görə, ötən ay ərzində «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə Büro iştirakçısı olan sığorta şirkətlərinə qarşı irəli sürülən sığorta tələblərindən 1 455-i üzrə 2,059 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib, 240 sığorta tələbi isə baxılma mərhələsindədir.

Bu müddət ərzində 1 348 nəqliyyat vasitəsinə dəyən zərərin ümumi məbləği 1,886 mln. manat olub. Bundan başqa, 59 sayda əmlaka dəyən zərərin ümumi məbləği 76,1 min manat təşkil edib. Bu ilin avqust ayında 34 nəfərin sağlamlığına dəyən zərərə görə 47,3 min manat, 10 nəfərin ölümü üzrə Büro tərəfindən 50 min manat ödənilib.

Ümumilikdə, 2013-cü ilin yanvar-avqust ayları ərzində «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə iştirakçı sığorta şirkətləri tərəfindən 10 894 sığorta tələbi üzrə 15 mln. manatdan çox ödəniş edilib.

Bu ilin avqust ayı ərzində İcbari Sığorta Bürosu tərəfindən üç kompensasiya tələbi üzrə 11,5 min manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR