Bakıda «Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları» avtomatlaşdırılmış informasiya sisteminin təqdimatı keçirilib

Bakıda «Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları» avtomatlaşdırılmış informasiya sisteminin təqdimatı keçirilib
# 13 mart 2013 15:45 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan Maliyyə və Təhsil nazirliklərinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin rəhbərliyi və maliyyə məsələləri üzrə məsul şəxslərin iştirakı ilə «Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları» avtomatlaşdırılmış informasiya sisteminin təqdimatı keçirilib.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycanın maliyyə naziri Samir Şərifov Maliyyə Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən «Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi» çərçivəsində «Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları» avtomatlaşdırılmış informasiya sisteminin yaradılması və tətbiqi ilə bağlı geniş məlumat verib.

Nazir qeyd edib ki, son illər ölkədə mühasibat uçotunun təkmilləşdirilməsi ilə bağlı mühüm addımlar atılıb, prioritet istiqamətlərdən biri kimi, qısa zaman ərzində ölkədə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçidə nail olunaraq, zəruri hüquqi-normativ baza yaradılıb və mühasibat uçotu subyektlərinin maliyyə hesabatlarının beynəlxalq standartlar əsasında hazırlanaraq təqdim olunması təşkil olunub. Üç illik maliyyə hesabatlarının qəbulunu və ümumilikdə prosesi təhlil edən S.Şərifov bu sahədə yeni təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb: «Mühasibat uçotu üzrə beynəlxalq və milli standartlar əsasında formalaşan maliyyə hesabatlarının hazırlanması, qəbul olunması, təhlili proseslərinin avtomatlaşdırılması və hesabatlar üzrə vahid məlumat bazasının hazırlanması zərurəti yaranıb».

S.Şərifov onu da bildirib ki, «Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları» avtomatlaşdırılmış informasiya sistemi hazırda Maliyyə Nazirliyində və 4 pilot universitetdə – Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Texniki Universiteti (ATU), Azərbaycan prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası və Xəzər Universitetində tətbiqi başa çatır və yaxın gələcəkdə geniş yayılması nəzərdə tutulur. Tətbiqin birinci mərhələsi 35 ali təhsil müəssisəsini və 4 nazirliyi əhatə edəcək.

Tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdanov, pilot universitetlərin rəhbərləri - BDU-nun rektoru Abel Məhərrəmov, ATU-nun rektoru Havar Məmmədov, Xəzər Universitetinin Müşahidə Şurasının sədri Hamlet İsaxanlı və digərləri çıxışlarında ölkədə müasir mühasibat uçotu sisteminin yaradılması və tətbiqinin əhəmiyyətini vurğulayaraq əldə olunan nəticələr barədə məlumat veriblər. Sistemin tətbiqinin hər bir təşkilat üçün operativ analiz imkanı yaratdığını vurğulayan natiqlər qeyd ediblər ki, müəssisədə mühasibat uçotunun beynəlxalq və milli standartlar əsasında avtomatlaşdırılması həm də hazırlanan maliyyə hesabatlarının da avtomatik rejimində formalaşması və vaxtında təqdim olunmasını təmin edir.

Sistemin funksional və texniki təfərrüatları ilə bağlı məlumat verən icraçı şirkət - «Sinam» şirkətinin rəhbəri Elçin Əliyev bildirib ki, proqram təminatının funksionallığı «Müəssisə resurslarının idarə edilməsi sistemi» prinsip üzərində qurulub və müəssisənin bütün növ maliyyə-təsərrüfat fəaliyyətinin avtomatlaşdırılmasına və idarə edilməsinə imkan verir. Sistemdə «Anbar uçotu», «Əsas vəsaitlərin uçotu», «Bank və xəzinə əməliyyatları», «Əmək haqqı», «Maliyyə hesabatları» və «Kadrların uçotu» modulları mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR