"AccessBank" İFC-dən iri kredit cəlb edib

"AccessBank" İFC-dən iri kredit cəlb edib
# 17 avqust 2015 16:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanın aparıcı maliyyə təşkilatlarından biri olan “AccessBank”a 25 mln. ABŞ dolları məbləğində subordinasiya kredit ayırıb.

İFC-dən “APA-Economics”ə verilən məlumata görə, bu maliyyə vəsaiti kiçik biznes üçün kredit imkanlarını genişləndirmək, iqtisadi inkişafı və iş yerlərinin yaradılmasını təşviq etmək məqsədinə xidmət edir.

“IFC-nin öz uzunmüddətli tərəfdaşı “AccessBank”a bu dəstəyi banka daha çox mikro, kiçik və orta müəssisələrə (MKOM-lara) xidmət göstərməyə kömək edəcək. Bu cür müəssisələr məşğulluğun və innovasiyaların əsas mənbəyi olmaqla yanaşı, bir çox hallarda kommersiya kreditlərinə və maliyyələşmənin digər önəmli formalarına çıxışda çətinliklərlə qarşılaşırlar. Layihənin Azərbaycanın dayanıqlı inkişafı üçün əhəmiyyətli rol oynayan qeyri-neft sektorunun payının artmasına da böyük töhfə verməsi gözlənilir”, -deyə məlumatda vurğulanıb.

“AccessBank”ın İdarə Heyətinin sədri Michael Hoffmann bankın yaxın tərəfdaşı və səhmdarı olan IFC-nin dəstəyini alqışladığını deyib: “Bankımızın geniş xidmət şəbəkəsi vasitəsilə biz bu vəsaiti MKOM müştərilərimizə kredit şəklində təqdim edərək önəmli bazar qisimlərdə iqtisadiyyatı daha da stimullaşdıracağıq.”

IFC-nin Azərbaycan üzrə Ölkə Nümayəndəsi Aliyə Əzimova isə öz nəvbəsində qeyd edib ki, təmsil etdiyi qurum özəl sektorun inkişafını dəstəkləyən investisiyaları və məsləhət xidmətlərini Azərbaycandakı fəaliyyətin prioriteti hesab edir. “AccessBank ilə əməkdaşlığımız Azərbaycanda maliyyə imkanlarını genişləndirəcək və iqtisadiyyatın şaxələndirilməsini dəstəkləyəcək”, - deyə o əlavə edib.

Qeyd edək ki, IFC digər beynəlxalq maliyyə qurumları ilə yanaşı, 2002-ci ildə “AccessBank”ın təsisçilərindən biri olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR