Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Kommersiya məqsədilə mütəmadi olaraq Gürcüstana səyahət edən bir qrup Azərbaycan vətəndaşı martın 2-si saat 20:00 radələrində Gürcüstandan Azərbaycana kommersiya məqsədilə gətirdikləri meyvə-tərəvəz məhsullarını Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postundan hər hansı gömrük rüsumu ödəmədən keçirməyə cəhd göstərib.
Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, idarənin əməkdaşları qanunvericiliyin müvafiq tələbləri barədə ətraflı məlumat verərək onları qanunlara əməl etməyə çağırsalar da, həmin şəxslər əlilliklərindən istifadə edərək müxtəlif provakativ hərəkətlərə yol veriblər və asayişi pozmağa çalışıblar.
“Lakin gömrük orqanı əməkdaşları soyuqqanlı davranaraq onların səsləndirdikləri bütün arqumentləri dinləyib və bir daha müvafiq qanunvericiliyin tələblərini izah ediblər. Nəticədə həmin şəxslərin gətirdikləri mallar müvafiq vergi və rüsumlar dövlət büdcəsinə ödənildikdən sonra rəsmiləşdirilərək sahiblərinə təhvil verilib”, - deyə məlumatda deyilir.
Komitə onlara verilən gömrük mədaxil orderlərini də təqdim edib.