Litva-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib - FOTO

Litva-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib - <span style="color: red;">FOTO
# 28 iyun 2013 13:06 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Vilnüsdə (Litva) Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın III iclası keçirilib.

Azərbaycan Vergilər Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasda komissiyanın həmsədrləri – Litvanın xarici işlər naziri Linas Linkyaviçus və Azərbaycanın vergilər naziri Fazil Məmmədov çıxış ediblər. Nazirlər iki ölkə arasında əlaqələrin inkişafı və möhkəmləndirilməsində komissiyanın fəaliyyətini yüksək qiymətləndiriblər. Müasir dövrdə iki ölkənin iqtisadi tərəqqisi, dövlətlərin ikitərəfli iqtisadi münasibətlərinin vəziyyəti və perspektivləri müzakirə edilib, qarşılıqlı ticarət imkanlarının inkişafı və diversifikasiyası üçün səy göstərilməsinin vacibliyi vurğulanıb.

Tədbirdə qeyd olunub ki, iki ölkə arasında dövlətlərarası münasibətlər artıq strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub və qarşılıqlı əlaqələr intensiv şəkildə inkişaf edir, praktiki olaraq bütün sahələrdə ikitərəfli münasibətlər genişlənməkdədir.

İclasda həmçinin bildirilib ki, ölkələrarası münasibətlər çoxtərəfli əməkdaşlıq çərçivəsində, xüsusilə də, Avropa Birliyinin «Şərq tərəfdaşlığı» proqramı çərçivəsində də inkişaf edir. Cari ilin ikinci yarısında Litvanın Avropa Birliyi Şurasında sədrlik edəcəyini nəzərə alaraq, tərəflər bu sahədə əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsi üçün daha bir imkan əldə etmiş olacaq.

Sonra iclasda Litva və Azərbaycan tərəflərinin hər iki ölkədəki iqtisadi vəziyyət və investisiya mühiti, informasiya texnologiyalarının inkişafı və s. məsələlərlə bağlı təqdimatları keçirilib.

Komissiya iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşu, iqtisadi vəziyyət və ikitərəfli ticari-iqtisadi münasibətlərin inkişaf perspektivləri, sənaye və energetika, kənd təsərrüfatı, gənclər və idman, mədəniyyət və turizm, nəqliyyat, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.

Komissiyanın növbəti iclasının Azərbaycanda keçirilməsi barədə razılıq əldə olunub.

Müzakirələr yekunlaşdıqdan sonra Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə komissiyanın iclasının protokolu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR