Millət vəkilləri Rəqabət Məcəlləsinin qəbul edilməsini vacib sayır

Millət vəkilləri Rəqabət Məcəlləsinin qəbul edilməsini vacib sayır
# 19 sentyabr 2014 13:21 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Azərbaycan iqtisadiyyatının, sahibkarların Rəqabət Məcəlləsinə çox böyük ehtiyacı var”.

APA-Economics”in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında komitə üzvü Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, sənəd qəbul olarsa, Azərbaycanda bazar iqtisadiyyatında bir təkamül olacaq, iqtisadiyyata müsbət təsir göstərəcək.

“Biz Rəqabət Məcəlləsini 10 ilə yaxındır ki, qəbul edə bilmirik. Keçən sessiya, ondan qabaqkı sessiyalarda da bu məsələyə toxunulub və müəyyən müddət gündəliyə salınsa da bunu biz axıra çatdıra bilmirik. Mən hesab edirəm ki, indiki bazar iqtisadiyyatının normal fəaliyyət göstərməsi, aktiv rəqabətin olması, sahibkarlığın normal işləməsi üçün bu məcəllənin qəbuluna çox böyük ehtiyac var”, - deyə V. Əhmədov əlavə edib.

Digər millət vəkili Əli Məsimli də bu məsələdə həmkarı ilə eyni fikirdədir: “Azərbaycan artıq 2 ildir ki, yeni mərhələyə qədəm qoyub. Əvvəllər bizdə ÜDM-in 60%-nə qədəri neft sektorunun payına düşürdüsə, indi bu rəqəm təxminən 40% ətrafındadır. Bu neftdənkənar sahənin əhəmiyyətinin artdığını göstərir. Neftdənkənar sahənin indiki kimi 5-6% yox, hardasa 9-10% artımına nail olmaqdan ötrü digər şərtlərlə yanaşı, hesab edirəm ki, mütləq Rəqabət Məcəlləsinə ehtiyac var”.

Ə. Məsimlinin fikrincə, məcəllənin qəbulu qeyri-neft sahəsində inhisarçılıq hallarının aradan qaldırılmasına, azad rəqabətin təmin edilməsinə və digər çatışmazlıqların aradan qaldırılmasına xeyli təkan verəcək: “Mən demirəm ki, illər boyu yığılmış hər şey birdən sındırılacaq. Amma əminəm ki, psixoloji sındırılma olacaq. Bu məcəllənin heç olmasa 2014-cü ilin payız sessiyasında qəbul edilməsini vacib hesab edirəm”.

Bu fikri dəstəkləyən millət vəkili İlham Əliyev isə qeyd edib ki, Rəqabət Məcəlləsinin qəbulunu vacib sayır. Onun fikrincə, məcəllənin qəbulu yerli istehsalın əhəmiyyətli dərəcədə artmasına və xaricdən asılılığın azalmasına kömək edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR