Ötən il DSMF-yə xarici ölkələrin sığorta-pensiya qurumları tərəfindən 5 mindən çox müraciət daxil olub

Ötən il DSMF-yə xarici ölkələrin sığorta-pensiya qurumları tərəfindən 5 mindən çox müraciət daxil olub
# 04 fevral 2015 07:33 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2014-cü il ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı çoxalıb.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü illə müqayisədə bu qəbildən olan müraciətlər 33,7% artıb.

2014-cü il ərzində DSMF-yə daxil olan 5 101 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib. Qeyd olunan dövr ərzində MDB ölkələrindən 3 358 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Müraciətlərin sayına görə növbəti üstünlük təşkil edən ölkələr sırasında Türkiyə Cümhuriyyəti gəlir və qardaş ölkədən fonda 169 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Türkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədilə konkret tədbirlərin görülməsi istiqamətindədir.

DSMF-yə daxil olan digər 1 574 müraciət isə ayrı-ayrı xarici ölkələrin və vətəndaşlardan daxil olmuş müraciətlərin payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR