Ötən il ərzində qiymətli kağızlar bazarında əməliyyatların həcmi 13,2 milyard manat təşkil edib

Ötən il ərzində qiymətli kağızlar bazarında əməliyyatların həcmi 13,2 milyard manat təşkil edib
# 13 fevral 2015 17:11 (UTC +04:00)

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövrü ərzində özəl və dövlət sektoru şirkətləri və regional layihələrin qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşməsi, həmçinin korporativ alətlərlə təkrar ticarətin artması nəticəsində bazarın korporativ qiymətli kağızlar seqmentində əqdlərin sayı ötən il ilə müqayisədə 38%, həcmi isə 2,7 dəfə artaraq 4,7 mlrd. manat təşkil edib.

2014-cü il ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əməliyyatların sayının 37%, həcminin isə 2,2 dəfə artaraq 1,3 mlrd. manat təşkil etməsinə səbəb olmuşdur ki, bu da tarix boyu qeydə alınmış ən yüksək göstəricidir. Belə ki, səhmlərin ilkin bazarında əməliyyatların sayı ötən il ilə müqayisədə 1,9 dəfə, həcmi isə 2,7 dəfə artaraq 1,1 mlrd. manata çatıb. Eyni zamanda, səhmlərin təkrar bazar ticarətində hesabat dövrü ərzində əməliyyatların sayı ötən il ilə müqayisədə 32%, həcmi isə ortalama aylıq 2,3 dəfə artaraq 141,6 mln. manata yüksəlib.

Hesabat dövrü ərzində Azərbaycan İpoteka Fondunun (AİF) təminatlı istiqrazlarının təkrar ticarətinin aktivləşməsi və bununla yanaşı beynəlxalq əhəmiyyətli layihələrin fond birjası vasitəsilə maliyyələşməsi korporativ istiqrazlar bazarının yüksək artım dinamikasını təmin etmiş və bazarın bu seqmenti tarix boyu ən yüksək həddə çatıb. Belə ki, korporativ istiqrazlar bazarında əməliyyatların sayı ötən il ilə müqayisədə 4%, həcmi isə 3 dəfə artaraq 3,5 mlrd. manat təşkil edib. Artım korporativ istiqrazlar bazarının hər 2 seqmentində müşahidə olunub. Belə ki, hesabat dövrü ərzində 2,2 mlrd. manatlıq korporativ istiqraz yerləşdirilib, 1,3 mlrd. manatlıq korporativ istiqrazların təkrar ticarəti baş tutub ki, bu da ötən il ilə müqayisədə müvafiq olaraq 6,3 dəfə və 57% çoxdur.

Dövr ərzində korporativ istiqrazlar bazarının ən likvid aləti olan AİF istiqrazları ilə ticarətin həcmi ötən il ilə müqayisədə 47% artaraq 1,1 mlrd. manata çatıb ki, bu da qiymətli kağızlar bazarında tarix boyu qeydə alınmış ən yüksək göstəricidir. Belə ki, dövr ərzində 40,2 mln. manat həcmində AİF istiqrazı yerləşdirilib, bu alətlərin təkrar bazar ticarəti isə ötən il ilə müqayisədə 53% artaraq 1,1 mlrd. manat təşkil edib.

2014-cü il ərzində birrəqəmli inflyasiya göstəricisi şəraitində Mərkəzi Bank tərəfindən həyata keçirilən pul siyasətinin yumşaq və stimullaşdırıcı xarakter alması, eləcə də Maliyyə Nazirliyi tərəfindən konservativ borclanma siyasətinin həyata keçirilməsi dövlət qiymətli kağızlar bazarının həcminə əhəmiyyətli dərəcədə təsir göstərib və bütövlükdə dövlət qiymətli kağızlar bazarı seqmenti 41% azalaraq 4,2 mlrd. manat təşkil edib. Lakin repo və əks repo əməliyyatları istisna olunmaqla cari il ərzində dövlət qiymətli kağızlar sektoru ötən il ilə müqayisədə 29% artaraq 615 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində Maliyyə Nazirliyi tərəfindən 80,3 mln. manat həcmində qiymətli kağızlar bazarının ən aşağı riskə malik olan alətləri yerləşdirilib, bu növ alətlərin təkrar bazar ticarəti isə 27,6 mln. manat həcmində olub.

2014-cü il ərzində Mərkəzi Bankın qiymət stabilliyinin təmin olunması funksiyası çərçivəsində həyata keçirdiyi sterilizasiya əməliyyatları notlar və onlarla aparılan repo əməliyyatlarının dinamikasında özünü qabarıq şəkildə büruzə verib. Belə ki, hesabat dövrü ərzində Mərkəzi Bankın notlarının yerləşdirilməsinin ötən il ilə müqayisədə 47% azalaraq 158,1 mln. manat təşkil etməsinə baxmayaraq, bu növ alətlərin təkrar bazar ticarəti 8,0 dəfə artaraq 349,8 mln. manat təşkil edib, bütövlükdə not bazarı 48% artaraq 507,9 mln. manata çatıb. 2014-cü il ərzində 3,5 mlrd. manat həcmində repo/əks-repo əməliyyatları baş tutub ki, bu da ötən il ilə müqayisədə 46% azdır.

2014-cü il ərzində ilk dəfə olaraq qiymətli kağızlar bazarında valyuta və əmtəə əsaslı törəmə maliyyə alətlərinin ticarəti həyata keçirilib və dövr ərzində ümumi məbləği 204,7 mln manat olan əmtəə əsaslı və ümumi məbləği 4,1 mlrd. manat olan valyuta əsaslı törəmə qiymətli kağızlarla ticarət əməliyyatları həyata keçirilib ki, nəticə də törəmə qiymətli kağızlar bazarının həcmi 4,3 mlrd. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR