Palata: Vahid xəzinə hesabının qalığı son illərdə büdcə kəsirinin maliyyələşmə mənbəyidir

Palata: Vahid xəzinə hesabının qalığı son illərdə büdcə kəsirinin maliyyələşmə mənbəyidir
# 30 may 2017 14:58 (UTC +04:00)

2016-cı ildə büdcə kəsirinin proqnozlaşdrılmış 1,673 mlrd. manata qarşı 245,6 min manat təşkil edib. "APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinə və hesabata dair hazırladığı rəydə qeyd edilib.

Sənəddə deyilir ki, bunun əsas səbəbi kimi xüsusilə hesabat ilində xərclər üzrə həyata keçirilmiş konsolidasiya tədbirləri və gəlirlərin 104,1% səviyyəsində icra olunmasıdır.


Eyni zamanda, 2016-cı ildə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə özəlləşdirmədən daxilolmalar 31 mln. 231,6 min manat, xarici qrantlar 12 mln. 325,5 min manat təşkil edib, daxili və xarici borclanmadan daxilolmalar isə 186 mln. 818,5 min manat göstərilib. 2016-cı il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 2016-cı ildə dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üçün 15 mln. 228,5 min manat vəsait yönəldilib.

Ötən ilin dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi 100 mln. manat məbləğində nəzərdə tutulmuş özəlləşdirmədən daxilolmalar 31 mln. 231,6 min manat məbləğində icra edilib ki, nəticədə dövlət büdcəsinə 2016-cı il üçün nəzərdə tutulduğundan 68 mln. 768,4 min manat və ya 3,2 dəfə az vəsait daxil olub. Qeyd edilib ki, 2016-cı ilin vergi-büdcə siyasətinin prioritet istiqamətlərində bu daxilolmaların həcminin artırılması nəzərdə tutulsa da, həmin hədəf yerinə yetirilməyib.


Özəlləşdirmədən daxilolmalar üzrə investisiya müsabiqəsi yolu ilə özəlləşdirməyə yönəldilən müəssisələrin (səhmlərin, hissələrin) satışından və özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin birbaşa satışından daxilolmalar üzrə təqdim edilmiş proqnozlara nail olunmayıb. Hesablama Palatası dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üzrə özəlləşdirmədən daxilolmalara dair verilən büdcə təkliflərinin əsaslılığının təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini zəruri hesab edib.

Özəlləşdirmə prosesində yaradılmış və səhmləri bütövlükdə yaxud qismən dövlətə məxsus olan səhmdar cəmiyyətlər tərəfindən 2016-cı il ərzində ödənilən dividendlərin cəmi 41,7 min manat təşkil etdiyi qeyd olunmuş və dövlətin payı olan hüquqi şəxslərdə (səhmdar cəmiyyətlərində, birgə müəssisələrdə) qanunvericiliklə dövlət büdcəsinə çatacaq dividendlərin hesablanması və ödənilməsi vəziyyətinin araşdırılması, tam məbləğdə köçürülməsinin təmin edilməsi, bu sahədə hüquq pozuntuları aşkar olunduqda aidiyyəti orqanlar qarşısında müvafiq məsələlərin qaldırılmasının təmin edilməsini məqsədəmüvafiq hesab olunub.

Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi daxili və xarici boclanmadan daxilolmalar 2016-cı ildə 163 mln. manat məbləğində nəzərdə tutulub, bu mənbə üzrə dövlət büdcəsinə 186,8 mln. manat daxil olub.

Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi xarici qrantlar üzrə daxilolmalar (Avropa Birliyinin qrantı kimi) 2016-cı ildə 20 mln. min manat nəzərdə tutulub və əvvəlki illərdən olan daxilolmalar nəzərə alınmaqla kəsirin bağlanmasına 12 mln. 325,5 min manat yönəldilib.

2016-cı il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının faktiki qalığı 1 mlrd. 433,9 mln. manat təşkil edib, bundan kəsirin bağlanmasına 15 mln. 228,5 min manat yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR