Səfir: «Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsi bu il 2 dəfə artacaq»

Səfir: «Azərbaycan və Macarıstan arasında ticarət dövriyyəsi bu il 2 dəfə artacaq»
# 23 avqust 2013 10:41 (UTC +04:00)

Ötən il isə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 58 mln. avro təşkil edib və bu, 2011-ci ilə nisbətən bir qədər azdır. Bunu APA-ya açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora bildirib.

J.Çutoranın sözlərinə görə, nisbi azalmanın səbəbi Macarıstanın yeni şərq siyasətinin tətbiqi etməsi ilə bağlıdır: «Bu siyasətin nəticələrini bir müddət sonra görmək mümkün olacaq. Artıq bu il ticarət dövriyyəsinin həcmi iki dəfə artacaq».

Səfir qeyd edib ki, Azərbaycan və Macarıstan əsasən kənd təsərrüfatı sahəsində əməkdaşlıq edir: «Bu yaxınlarda Macarıstandan Azərbaycana iribuynuzlu mal-qaranın gətirilməsi gözlənilir, həmçinin ticarət əməliyyatları artır».

Azərbaycanın «Şahdəniz» qazının Avropaya nəqli üçün TAP layihəsini seçməsinə şərh verən J.Çutora bildirib ki, Macarıstan bu seçim nəticəsində alternativ qaz idxalı marşrutundan məhrum olunub: «Şahdəniz» konsorsiumu tərəfindən «Nabucco-West» layihəsi əvəzində TAP-ın seçilməsi Macarıstana sərf etmirdi. Bu, Macarıstana enerji daşıyıcıların idxal edilməsinə təsir edəcək. Bizim alternativimiz qalmayıb və hazırda diqqətimizi daha çox Rusiyadan idxal olunan qaza yönəltməliyik, çünki aldığımız qazın 80%-i Rusiyadan nəql olunur. Buna baxmayaraq, iki ölkə arasında çox gözəl əlaqələr mövcuddur. Təkcə Budapeşt-Bakı aviareysinin açılması ticarət dövriyyəsini artırır. Lakin düşünürəm ki, neft sahəsində əməkdaşlığımızı daha da inkişaf etdirməliyik».

Gələcək planlardan danışan səfir qeyd edib ki, hazırda tərəflər arasında Azərbaycanda Macarıstan mağazası və restoranının açılması ilə bağlı ciddi danışıqlar aparılır və müvafiq işlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR